Modern.az

AMAY rəhbərinin məhkəməsində təqsirləndirilənlər ilkin ifadələrindən imtina ediblər

AMAY rəhbərinin məhkəməsində təqsirləndirilənlər ilkin ifadələrindən imtina ediblər

Təhsil

30 Mart 2015, 17:59

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə növbəti proses keçirilib. Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə təqsirləndirilən şəxslər Heydər Rzayev və Elşən Novruzov dindiriliblər: “Hər iki şəxs ifadələrini yazılı təqdim etdilər. İbtidai istintaqda verdikləri ifadələrin onlara məxsus olmadığını, oradakı fikirlərin onların dedikləri ilə uyğunluq təşkil etmədiyini bildirdilər. Elşən Novruzov heç bir cinayətkar qrup yaradılmadığını, qanun çərçivəsində müqaviləli öhdəliklərlə işlədiklərini bildirdi.

Abdulla Abdullayev ötən məhkəmə prosesində verdiyi ifadələrinə əlavə fikirlərin bildirdi. Yəqin ki, növbəti prosesdə bu ifadələrə aydınlıq gətiriləcək. Proses martın 31-də davam edəcək”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.

Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir.

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır.          

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə