Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İstanbulda “Seçkili orqanlar: fəaliyyətin şəffaflığı və cavabdehlik” mövzusuna həsr olunmuş seminarda iştirak edib.
Modern.az-ın məlumatına görə, parlament üzvlərinin fəaliyyətinin effektivliyini artırmaq məqsədi daşıyan tədbir AŞPA-nın prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə baş tutub. Seminar çərçivəsində parlamentarilərin davranış kodeksləri və Siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşdirilməsi mövzularına dair iki paneldə müzakirələr aparılıb. Birinci paneldə parlamentarilərin davranış kodekslərinin korrupsiya ilə mübarizədə əhəmiyyəti barədə məlumat verilib.
Daha sonra kodekslərin parlamentarilərin öz vəzifələrini məsuliyyətlə icra etməsində və kənar təsirlərdən qorunmasında, öz müsbət imiclərini saxlamasında, vəzifədən sui-istifadənin qarşısının alınmasında vacib rolu diqqətə çatdırılıb. Müzakirənin sonunda AŞPA üzv bir çox dövlətlərin nəinki bu sənədi qəbul etdiyi hətta parlamentlərdə eyni adda komitələr yaratdığını və bütün üzv ölkələrin korrupsiya ilə mübarizədə eyni adda sənədi qəbul etməsinin vacibliyi diqqətə çatdırılıb. İkinci mövzunun müzakirəsi zamanı seminara Əli Hüseynli sədrlik edib.
Komitə sədri tədbirin əhəmiyyətindən danışıb, bu sahədəki beynəlxalq təcrübə və siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə edilmiş müsbət dəyişikliklər barədə məlumat verib və bu mövzuda ona ünvanlanan sualları cavablandırıb.