Modern.az

Çingiz Abdullayev “Neftçi”yə rəhbər gətirildi: "Mənim təyinatımı tənqid edənlər də var"

Çingiz Abdullayev “Neftçi”yə rəhbər gətirildi: "Mənim təyinatımı tənqid edənlər də var"

Təhsil

31 Mart 2015, 18:15

Martın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. Modern.az saytı xəbər verir ki, “Neftçi” Peşəkar Futbol Klubunun baş sponsoru olan ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev iclasda bildirib ki, Azərbaycanda fəaliyyət göstərən futbol klublarının idarəçilik sistemini müasir tələblər səviyyəsində qurmaq məqsədi ilə həmin klubların ictimai idarəçilik sisteminə keçirilməsi məqsədəuyğun bilinib və AFFA İcraiyyə Komitəsinin bu barədə qərarı olub.

”Respublikada futbolun kütləviliyinin yüksəldilməsi və klubların davamlı inkişafı məqsədlərinə xidmət edən bu qərar ardıcıl islahatlar aparılmasını zərurətə çevirir. ARDNŞ tarixən Azərbaycan neftçilərinin futbol klubu olmuş “Neftçi”nin idarəçiliyini ictimailəşdirməklə bu sahədə də birinci olduğunu futbol ictimaiyyətinə nümayiş etdirir. İlk addım kimi “Neftçi” Peşəkar Futbol Klubu “Neftçi İdman Klubu” İctimai Birliyinin tərkibinə verilib. İctimai Birlik yenə də Futbol Klubuna dəstək verməkdə davam edəcək, Klubun idarəçiliyini isə yeni yaradılmış Müşahidə Şurası həyata keçirəcək. Müşahidə Şurasına Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik edəcək. Şurada “Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbəri Sadıq Sadıqov, veteran futbolçulardan Mübariz Zeynalov və Səməd Qurbanov, baş sponsor olan ARDNŞ-dən vitse-prezidentin müavini Cəbrayıl Cəbrayılov və Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov, habelə rejissor-aktyor Bəhram Bağırzadə təmsil olunurlar”.

İclasda daha sonra bildirilib ki, Müşahidə Şurasının ayda 1 dəfədən az olmayaraq toplanması və Futbol Klubunun idarəçiliyinin Avropa sisteminə uyğunlaşdırılması istiqamətində məqsədyönlü iş aparması nəzərdə tutulur. Şuranın qərarına əsasən, Klubun İcraçı direktoru vəzifəsi təsis edilib və həmin vəzifəyə Elnur Məmmədov seçilib. İcraçı direktora bir ay müddətinə Klubun yeni strukturunun hazırlanması və Müşahidə Şurasına təqdim edilməsi tapşırılıb.

“Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Ç.Abdullayev göstərilən etimad üçün təşəkkürünü bildirib, Şuranın qarşısında duran vəzifələrdən danışıb.

Müşahidə Şurasının üzvü B.Bağırzadə həmkarları adından yeni qurumun futbolun kütləviliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər görəcəyini və bu sahədə mövcud təcrübədən, eyni zamanda Türkiyə və digər ölkələrin futbol klublarının təcrübəsindən istifadə edəcəklərini söyləyib.

İclasa yekun vuran Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Müşahidə Şurasının işinə uğurlar arzulayıb və “Neftçi” Peşəkar Futbol Klubunun yeni idarəçilik sistemi ilə daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

Futbol ictimaiyyəti və KİV nümayəndələri üçün açıq keçirilmiş iclasda ARDNŞ prezidenti Rövnəq Abdullayev, eləcə də “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev, “Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbəri Sadıq Sadıqov və Müşahidə Şurasının digər üzvləri jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıblar.

Çingiz Abdullayev futbolu çox sevdiyini deyib: "Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt cəsarətim çatırdı, başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. Amma söz verirəm ki, meydana çıxmayacağam. Futbolu da bilirəm. Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Amma 1966-cı ildən sonra böyük uğurumuz olmadı. Bu təklifi eşidən kimi razılıq verdim”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə