Modern.az

Türkiyədə terrorçular məhv edildi, girov prokuror öldü - YENİLƏNİB

Türkiyədə terrorçular məhv edildi, girov prokuror öldü - YENİLƏNİB

31 Mart 2015, 23:51

Martın 31-də gecə saatlarında Türkiyədə terrorçuların girov götürdüyü prokuror Mehmet Səlim Kirazın azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Modern.az saytı “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, xüsusi əməliyyat nəticəsində prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçulardan 2-si məhv edilib.

Əməliyyat zamanı prokurorun özü də yaralanıb.
Yaralı prokuror Mehmet Səlim Kirazın xəstəxanaya aparıldığı bildirilir.

İstanbulun polis rəisi Selami Altınok jurnalistlərə açıqlamasında deyib ki, 8 saat boyunca terrorçulara səbrlə dözərək, prokurorun danışıqlar yolu ilə azad edilməsinə çalışıblar. Amma terrorçular bundan imtina edincə, polis xüsusi əməliyyat keçirmək məcburiyyətində qalıb.

Əməliyyat yekunlaşandan sonra İstanbul polisi bu haqda baş nazir Əhməd Davudoğluna, baş nazir isə prezident Rəcəb Tayyib Ərdoğana məruzə edib.

Qeyd edək ki martın 31-də İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular prokuror Mehmet Səlim Kirazı girov götürmüşdülər. Prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi araşdırıb.

Prokuroru girov götürmüş şəxslər qeyri-qanuni solçu qruplaşmanın üzvləri idi.

***

Modern.az saytı “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, xüsusi əməliyyat nəticəsində girovluqdan azad edilən prokuror Mehmet Səlim Kiraz xəstəxanada vəfat edib. O, əməliyyat sonucunda xəstəxanaya yaralı olaraq aparılmışdı.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə