“Siyasi dialoq tələb dili ilə danışmağı tələb etmir. Siyasi dialoqda razılaşma ola bilər”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu iqridar-müxalifət görüşünün nəticələri barədə danışarkən bildirib.
O qeyd edib ki, növbəti dəfə iqtidar-müxalifət görüşü lazım olan vaxtda reallaşacaq. Sərdar Cəlaloğlunun sözlərinə görə, gündəmdə müxalifətin bir araya gəlməsini tələb edən mühüm məsələ olacaqsa, növbədənkənar dialoq başlaya bilər:
“Amma ümumi şəkildə razılaşmışıq ki, biz ADP olaraq məsələləri müəyyən edək və onu Prezident Administrasiyasına göndərək. Prezident Administrasiyası da həmin gündəlik əsasında müzakirə olunacaq məsələləri təyin etsin. Başqalarını bilmirəm, bizim partiya hələ ki təklif göndərməyib. Gərək müəyyən təkliflər hazırlayıb göndərək ki, hökumət də bu təklifə uyğun davransın. Hər bir partiya özü təklif göndərməlidir, Prezident Administrasiyası da həmin təklifləri yığıb yekunlaşdırmalıdır. Hər bir partiya özünün vacib hesab etdiyi təklifi göndərməlidir. Görüşdə iştirak edən partiyalar bir araya gəlib dialoqda qoyulacaq məsələlər barədə müzakirələr aparmır”.
ADP rəhbəri Seçki Məcəlləsinə dəyişikliklərin gələcək görüşlərdə müzakirə edilməsi ehtimalından da söz açıb:
“Biz yanlış olaraq bu fikirdəyik ki, guya seçkinin taleyini məcəllə həll edir. Söhbət seçki şəraitindən, seçkidə qarşılıqlı münasibətlərdən gedir. Hüquqda belə bir prinsip var, ən pis qanun işləyirsə, onunla ən yaxşı nəticəyə gəlmək olar. Ən yaxşı qanunla işləmək olmursa, onunla heç bir nəticəyə gəlmək olmaz. Ona görə də qanun olduğuna görə gücə malikdir. Gözəl olduğuna və ya bütün şərtləri ifadə etdiyinə görə gücə malik deyil.
Bu baxımdan mənə elə gəlir ki, Seçki Məcəlləsi seçkilərin əvvəlkilərdən müəyyən qədər fərqli keçirilməsində problem yaratmır”.
Fevralın 12-də iqtidar-müxalifət görüşü olub. Qərara alınıb ki, tərəflər iki aydan bir görüşsünlər.
Görüşdə ölkənin əsas müxalifət partiyalar hesab edilən Müsavat və AXCP iştirak etməyib.
Aqşin Kərimov