Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyi təsdiq edilib.
Modern.az saytı xəbər verir ki, komitə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.
Modern.az-ın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərik edir. Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.
Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.
İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
E.Rüstəmovun səlahiyyət müddəti bu ilin aprelin 6-da başa çatır.
Aqşin Kərimov