Modern.az

“Kənd təsərrüfatında heç nə dəyişməyəcək vəziyyət daha da ağırlaşacaq” - Ekspert

“Kənd təsərrüfatında heç nə dəyişməyəcək vəziyyət daha da ağırlaşacaq” - Ekspert

Təhsil

1 Aprel 2015, 14:38

“Dövlət strukturlarının birinin ləğv edilməsi və əvəzində digərlərinin yaradılması formaca dəyişsə də, mahiyyətcə dəyişməyəcək. Hazırda ölkədə vəziyyət gərgindir və bu sahədə ciddi kadr problemi var”.

Bu haqda Modern.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov rayon icra hakimiyyətlərində aqrar şöbələrin fəaliyyətini dayandırmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu sahədə çalışanların əksəriyyəti aqrar sahə üzrə mütəxəssis deyil: “Yerlərdə icra başçılarının aqrar sahə üzrə müavinləri ilə görüş zamanı onların bu sahədən xəbərsizliyinin şahidi olmuşuq. Əslində yeni institutun yaranması vəziyyəti dəyişməyəcək. Problem ondan ibarətdir ki, istər yerli, istər mərkəzi icra strukturunun yerdə nümayəndəsi olsun, bunlar eyni adamlar olmasa da, eyni səviyyəli kadrlar olacaq, mahiyyətcə heç nə dəyişmir. Bu gün həmin kadrların yenidən hazırlanmasına ehtiyac var. Onların bilgilərinin artırılması vacibdir”.

Mütəxəssis bildirib ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində işləyənlər hələ də primitiv qaydada fəaliyyət göstərir: “Son 20 ildə aqrar elmdə inqilab baş verib. Yeni-yeni texnika və texnologiyaların tətbiqi əvvəlki yanaşmaları alt-üst edib, tamamilə dəyişib. Hazırda inkişaf etmiş ölkələrdə əkin yeni aqrotexniki qaydalara əsasən aparılır. Həmin ölkələrdə əkin, səpin, məhsulun yığımı prosesi tamamilə fərqlidir. Azərbaycanda isə təəssüflər olsun ki, hələ də əkinçiliklə köhnə dədə-baba qaydası ilə məşğul olurlar. Eyni zamanda, mövcud kadrlar da müasir zamanın tələblərə cavab verən bilgilərə sahib olmadıqları üçün bu sahənin inkişafında hər hansı rol oynaya, bu sahəyə yenilik gətirə bilmirlər.

Dediyim kimi, forma dəyişəcək, vəzifədəki adamların adı da dəyişəcək, amma məzmun, mahiyyət dəyişməyəcək. Yeni yaradılan struktur Kənd Təsərrüfatı Nazirliyinə tabe olacaq. Nazirlikdə bu sahəni idarə edə biləcək yüksək peşəkarlar varmı?! Ümumiyyətlə, nazirliyin strukturunda olan adamlar bu günün tələbinə cavab verirlərmi? Onların bu sahədəki bilgiləri nə dərəcədə yetərlidir? Nazirin özü, müavinləri, idarə rəisləri kənd təsərrüfatı sahəsində nə dərəcədə mütəxəssisdirlər? Fikrimcə, bu dəyişikliyin heç bir müsbət nəticəsi olmayacaq”.

Lent.az-ın məlumatına görə, Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib. Aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır. İcra başçılarının aqrar məsələlər üzrə müavinləri çalışdıqları rayonlarda kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdi.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə