Modern.az

“Qurbandı” dedi, qurbanlıq oldu...

“Qurbandı” dedi, qurbanlıq oldu...

Təhsil

1 Aprel 2015, 15:55

“Olur , olur, belə işlər də olur” silsiləsindən

Heç kimdən gizli deyil və öyünüləsi də bir faktdır ki, bizim camaat çox istiqanlı, səmimi, qonaqpərvər və açıqqəlbli bir toplumdur. Hamı bir – birinə yalnız can deyib can eşidir. Nə istəsən, ürəyindən nə keçsə qarşıdakının sənə bircə cavabı var; - “Qurbandır”, “nə qulluq”, “qonaq olun”. Bu sözlər mütləq işlədilir, səslənir, fərqi yoxdu, reallaşacaq, həyata keçəcək – keçməyəcək, amma bu ifadələri dərhal eşidəcəksən.

“Qurbandır”. Bəh- bəh! Necə də gözəl səslənir. Bir şey də məlumdur ki, üstünə “qurbanlıq” yarlık qoyulan mal, ərzaq, əşya, hər nədir, mütləq canından, evindən, cibindən çıxmalıdır. Əks halda Allaha ağır gedər axı...

Çox təssüf ki, “qurbandır” sözünün dalında duran az-az tapılır indi. Dostunun, qohumunun, iş yoldaşının könlünü şad eləmək üçün işlədilir və dərhal da arxivə... Adama deyərlər ki, qardaş, bir şeyi ki verməyəcəksən, canından çıxmayacaq, bu “qurbandır” sözünü də havayıdan yapışdırma da qarşında dayananın sifətinə. Səni kim məcbur edir axı...

Bəzən bu “qurbandır”ın bəlasına düşənlər də tapılır. Hələ sovet dövrünün söhbətidir, yadımda qalıb deyə, xatırlatmaq istərdim. Tanışlarımdan biri neft sahəsində babat bir vəzifənin yiyəsi idi. Günlərin birində Moskvadan yeddi nəfərdən ibarət nümayəndə heyəti bu adamın idarəsini yoxlamağa gəlir. O vaxtlar bütün təftişlər, yoxlamalar yağlı quzu kababının ətirli tüstüsündən, əla Gəncə konyakının nəşəsindən və dopdolu konvertlərdən keçərdi. Moskvalı qonaqlardan birinin təklifi ilə nahar məclislərindən biri Qubada keçirilməli olur. Rayonun axarlı-baxarlı guşəsində təntənəli məclis qurulur. Uzun müddət otururlar. İdarə müdiri qulluq edən ofisiantla o qədər səmimi, şirin dillə davranır ki, axırda ofisiant hesab almaq istəmir; “qonaq olun, hər şey sizə qurbandır”- deyir. İsrarlı təkliflər kara gəlmir. Əsil azərbaycanlı qonaqpərvərliyi güc gəlir . “Olmaz ki , olmaz”, “qonaq olun”, “qurbandır” sözləri dimdik durur ortada.

Axırda əlacsız qalan müdir razılaşmalı olur. Bu məsələ rus qonaqların da xoşuna gəlir. Milli adətlərimizin necə dəyərli olması onları kövrəldir, tutub ofisiantın yanağından öpürlər də. Beləcə yeməyin haqq-hesabı ödənilmədən qonaqlar Bakıya dönəsi olurlar. Bir müddət keçir, müdirin yolu yenidən həmin restorana düşür. Beş-altı qonaqla gəlib bir guşədə əyləşirlər. Bu vaxt “qurbandır” ın başı bəlalı müəllifi hönkürə - hönkürə müdirə yaxınlaşır.

-Başına dönüm, qurbanın olum, bir qələtdir eləmişəm. Siz gedəndən maaş almıram. Restoran sahibi sizdən alacağım məbləği əmək haqqımdan çıxır. Evə bir qəpik də apara bilmirəm. Görün nə edirsiniz, evdə körpə uşaqlarım var. Borc da verən yoxdur ki, müdirin pulunu ödəyim getsin. Gərək mən sizə heç o vaxt “qurbandır”, “qonaq olun” deməyəydim...

Oğlanın düşdüyü ürək ağrıdan vəziyyət müdirin qanını qaraldır. Köhnə haqq-hesabı dərhal ödəyir, yedikləri yeməyin də haqqını artıqlaması ilə qaytarır. Sağollaşanda isə oğlana ərklə bunları deyir.

-Oğul, artırarsan, irilənərsən, özünün obyektin olar, o vaxt kimisə ürəklə qonaq edərsən, nəyisə kiməsə qurban deyərsən. Hələlik belə fikirlərdən uzaq ol. Dilini də dinc saxla. Qonaqpərvərlik dolu cibə, yaxşı imkana, daha doğrusu salavat gücə bağlıdır. Bala, bu dediklərimi sırğa elə as qulağından.  Yoxsa yenə dilindən ilişərsən, harayına çatan olmaz. “Qurbandır” deyərsən, özün qurbanlığa çevirilərsən.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə