Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev manatın devalivasiyası ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
- Bir müddət əvvəl manatın məzənnəsi aşağı düşdü. Bundan sonra problemli kreditlər yarandı və kreditini ödəyə bilməyənlərin sayında artım oldu. Məsələ ilə əlaqədar İqbal Ağazadəyə seçildiyi dairə üzrə vətəndaşların müraciəti olubmu?
- Mərkəzi Bankın fevralın 21-dəki qərarı ilə dealivasiyaya uğrayan Azərbaycan manatı ölkə vətəndaşlarına bütün sahələrində sürpriz problemlər yaşatdı. Bu sırada banklardan dollarla kredit götürən vətəndaşlar da var. İqbal bəyə təkcə deputat olduğu dairədən yox, demək olar ki, respublikanın bütün bölgələrindən bununla bağlı çoxsaylı müraciətlər olur. Hökumətin bu məsələdə inadla susqunluq nümayiş etdirməsi, bankların isə problemi öz xeyirlərinə çözməyə çalışması bizi vadar etdi ki, Ümid Partiyası olaraq ölkə vətəndaşına sahib çıxaq. Maddi vəziyyətinin ağırlığı ucbatında kredit götürən vətəndaşlarımızın əlavə xərc ödəməməsi üçün məsələyə hüquqi müstəvidə aydınlıq gətirilməsinə nail olaq. Vətəndaşın günahı ucbatından baş verməyən problemlərə görə niyə ziyana düşməlidir? Mülki Məcəllədə aydın şəkildə ifadə olunur ki, ölkə vətəndaşlarına banklardan kreditlər yalnız milli valyuta ilə verilməlidir. Niyə banklar bu tələbi pozub sonra da vətəndaşı borclu çıxarırlar? Bu gün yüzlərlə vətəndaşın müraciəti bizə daxil olub və yaxın günlərdə onları aidyyəti üzrə rayon məhkəmələrinə göndərəcəyik. Bu məsələyə birdəfəlik aydınlıq gətirmək niiyətindəyik.
- Sizcə, gələcəkdə kreditini ödəyə bilməyən şəxslərin artımı müşahidə oluna bilərmi?
- Əlbəttə, ola bilər. Bu barədə həm banklar, həm də iqtisadçı ekspertlər proqnoz verirlər. Azərbaycanda təqribən 1 milyard manatdan artıq kredit istehlak kreditidir. Yəni müxtəlif təyinatlı şəxsin ehtiyaclarını ödəməsi məqsədilə götürülən kreditlərdir. Deməli, əhalinin maddi vəziyyəti heç də deyildiyi kimi yaxşı deyil ki, o, zəruri xərclərinin bir hissəsini kreditlə həll edir. Aldığı krediti də gəlirlərinə uyğun götürür. Bu gün, dollarla götürülmüş istehlak kreditlərinin böyük hissəsi potensial problemli kredit mənbəyidir. Bəlkə də banklar bunun fərqində deyil, ona görə də öz zərərlərini müştərilərinin hesabına həll etməyə çalışır. Məncə, bu, doğru qərar deyil. Belə mövqe sərgiləməklə banklar özlərini maliyyə böhranı ilə, ölkəni isə sosial kataklizimlə üz-üzə qoyur. Hesab edirəm ki, hakimiyyət vaxt itirmədən bu məsələyə tam aydınlıq gətirməli, vətəndaşların maddi rifah halının pisləşməsilə ölkəni təhlükəli ssenarilərə sürükləyən proseslərin baş verməməsi üçün təxirəsalınmaz addımlar atmalıdır. Dünyada və regionda baş verən proseslər hakimiyyəti daha məsuliyyətli qərarlar qəbul etməyə sövq etməlidir.
Yeganə OQTAYQIZI