Bakıda bütün sinema salonlarında Kəlbəcərin işğalı günündə komediya filmlərinin afişaları yerləşdirilib.Bu gün Azərbaycanın Kəlbəcər rayonun Ermənistan tərəfindən işğal edilməsindən 22 il ötür. Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub. Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
Biz şübhə etmirik və inanmaq istəyirik ki, Azərbaycan əhalisinin əksəriyyəti, o cümlədən kino mərkəzlərini işlədənlər bu qan yaddaşımızı bilirlər.
Amma nədənsə hər dəfə işğal edilən rayonlarımızın ildönümü tarixi olanda bunun şahidi olmuruq və ümidlərimiz puç olur. Hər dəfə “qan yaddaşı günlərimizdə” kino mərkəzlərində bu tarixlər unudulur və komediya filmləri nümayiş etdirilir. Bu gün də kino mərkəzlərinin afişasına baxdıqda aydın olur ki, gün ərzində komediyalar veriləcək və insanlar salonları dolduraraq Kəlbəcərdə qətlə yetirilənlərə unudaraq gözlərindən yaş gələnə qədər güləcəklər.
“28 cinema” bu gün artıq səhər saatlarında “Bana Masal Anlatma”, “Ay Brilliant” və “Yumurta” komediyalarını nümayiş etdirib. Bu filmlərin günün müxtəlif saatlarında növbəti seansları da nəzərdə tutulub.
“Nizami Kino Mərkəzi”ndə də “Cakuzidə zaman maşını 2”, “Yumurta” və “Sevimli Tehlikeli” kimi komediya filmləri afişalarda yer alıb.
“Park Cinema” kinoteatrlar şəbəkələrinə daxil olan sinema salonlarında isə günün komediya seansları belədir:
Park Bulvar – Yumurta, Ay Brilliant Metro Park – Bana Masal Anlatma (romantik komediya), Yumurta, Ay Brilliant, May name is Intigam, Xoxan Flame Towers – Yumurta Zaqulba – Bana Masal Anlatma, Yumurta, Ay Brilliant, May name is Intigam.
Verilən cavablar:
Məsələ ilə bağlı “28 Cinema” ilə əlaqə saxladıq aldığımız cavab bu oldu:
“Bu haqda bizim məlumatımız yoxdur”.
Amma bununla belə biz xahiş və tələb etdik ki, gün ərzində nümayiş etdirilməsi nəzərdə tutulan komediya filmlərinin növbəti seansları ləğv edilsin.
“Nizami Kino Mərkəzi”nə etdiyimiz zənglər cavabsız qaldı.
“Park Cinema” kinoteatrlar şəbəkələrinə məsələ ilə bağl sual verdikdən sonra bizimlə əlaqə saxlanılacağı söylənildi. Amma nə qədər gözləsək də, zəng edib məsələni aydınlaşdıran olmadı.
Qeyd edək ki, heç kimin gülüb-oynamağını, əyləncəsini əlində almaq niyyətimiz və haqqımız yoxdur. Sadəcə olaraq istər sadə vətəndaşlar, istərsə də kinoteatr şəbəkələri heç olmasa qan yaddaşı günlərimizdə vətəndaşlıq mövqelərini ortaya qoymağı bacarmalıdırlar.
Fərid Ədalət