Modern.az

“Özünüz “zerkalnı” olun, nömrəniz yox” - Fazil Mustafa

“Özünüz “zerkalnı” olun, nömrəniz yox” - Fazil Mustafa

3 Aprel 2015, 11:07

“Azərbaycanda “prestij nömrə” deyilən bir xəstəlik var. Telefonda, maşında “zerkalnı nömrə” istəyənlərin sayı-hesabı yoxdur”.

Modern.az saytı xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, imkanı çatan Marsda torpaq alırmış kimi bu nömrələrdən ələ keçirməyə çalışır: “Hərdən mənə də irad tuturlar ki, sənin sözünü eşidirlər, niyə öz maşınına bərkgedən nömrə almırsan, açığı, gülməyim gəlir. Əlbəttə, ancaq kommersiya marağı baxımından buna can atılsaydı, anlamaq olardı, yəni maşını satanda nömrə də üzərində bir neçə min artığa satılması perspektivi var.

Ancaq əminəm ki, xeyli sayda insan üçün, sadəcə bir nömrə xəstəliyi var. Niyə bu amili xatırladım, indi söyləyim. Hər dəfə binanın həyətində maşınımı park etmək üçün mənə ayrılan yerə yaxınlaşanda qonşulardan birinin maşınının orada park etdiyini görürəm. Gözətçi çıxıb adama xəbərdarlıq edir, adam da tələsik düşüb maşınını başqa bir yerdə saxlayır və hər dəfə də “müəllim, üzr istəyirəm, düşündüm ki, yəqin gec gələrsiniz” deyib evinə yollanır. Ən azı, hər dəfə 5 dəqiqə vaxtım itir. Alman deyil, rus deyil, gürcü də deyil, heç erməni də deyil. azərbaycanlıdır.

Ona görə də deməyə lüzum görmürəm ki, bu yer mənim maşınım üçün qeyd olunub, başqasının yerində saxlamaq doğru deyil. Səbirlə bunu anlayacağını gözləyirəm”.

Deputat bildirib ki, siyasət də belədir: “Səbirlə bəzən bir şeylərin özlüyündən anlaşılmasını gözləməlisən. Bu gün təsadüfən şəxsini tanımadığım həmin bina qonşumun maşınının nömrəsinə diqqət yetirdim və hamını heyrətə gətirəcək bir ardıcıl nömrəsi olduğunu gördüm, yəni tam “zerkalnı”. Təbii ki, bahalı maşın, bahalı nömrə, ancaq çatmayan əsas bir komponent var: səviyyə. Dostlarımdan birinin klassik sözünü hər zaman zövqlə xatırlayıram: “Səlahiyyət insanın özüdür, öz şəxsiyyətidir”.

Ona görə də özünüz hər sahədə düşüncə və davranışınızla bir nömrə olmağa çalışın ki, maşınınızın, telefonunuzun nömrəsi ilə prestij axtarmayasınız”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə