Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.
Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə “Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan yeddi nəfər dindirilib: “Onlar özlərini zərərçəkən hesab etmədiklərini, Abdulla Abdullayevə qarşı heç bir tələb və şikayətlərinin olmadığını, məhkəməyə müraciət etmədiklərini, idarəyə çağırıldıqlarını bildirdilər. Prosesdə məlum oldu ki, zərərçəkən şəxs qismində tanınanların bəzisi köçüb həmin evlərdə yaşayır, bəziləri də təmir etdirir.
“Xudafərin” MMC-dən mənzil alanların problemi evlərin təhvil verilməsinin yubanması ilə bağlıdır. Bu da müqavilə öhdəliyindən irəli gələn müddəalardır. “Xudafərin”in direktoru başqa şəxslər olub. Hüquqi cəhətdən Abdulla Abdullayevin bu MMC-yə bir aidiyyəti yoxdur. Konkret Abdulla müəllimə qarşı heç bir tələb də yoxdur”.
Əkbər Bağırov əlavə edib ki, prosesdə iş üzrə zərərçəkən kimi adı keçən “Texnikabank”ın nümayəndəsi də dindirilib: “Bank rəsmisinə bir çox suallar verilsə də, məlumatsız olduğunu söylədi. Dindirilmə növbəti prosesdə davam edəcək. Bu gün ortada “Texnikabank”a vurulan zərər yoxdur. O vaxtı başqa firmalar tərəfindən kredit götürülüb və qaytarılıb. Bank özü məhkəməyə arayış verib ki, onlara heç bir borc yoxdur. Bu barədə istintaqa arayış da verilib.
Abdulla Abdullayev bankın nümayəndəsinə bildirdi ki, cavan oğlansan, kreditin verilməyində iştirak etmədiyiniz halda, bu suallara cavab verə bilməzsən. O vaxtı krediti verənlər gəlsin, sualları da o cavablasın. Hakimə də bildirdi ki, düzgün ifadə verməyən şəxs məsuliyyətə cəlb olunmalıdır. Növbəti proses aprelin 6-da davam edəcək”.
Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.
Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.
Yeganə OQTAYQIZI