Bu gün Müsavat Partiyası Məclisinin iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda Vurğun Əyyubun Müsavat Məclisinin üzvlüyündən xaric edilməsi məsələsinə baxılıb.
Qeyd edək ki, Qubad İbadoğlunun tərəfdarı olan Vurğun Əyyub Arif Hacılı Müsavat başqanı seçiləndən sonra partiya Məclisinin toplantılarına qatılmayıb. Vurğun Əyyub özü bununla bağlı dəfələrlə mətbuata açıqlama verib.
İclasda Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı Vurğun Əyyubun mətbuatdakı açıqlamalarını əsas gətirərək onun Məclis üzvlüyündən çıxarılması məsələsinin səsə qoyulmasını təklif edib.
Çıxış edən Müsavat Partiyasının sabiq başqanı Vurğun Əyyub məsələsinin çox uzandığını vurğulayıb. Bununla belə o bildirib ki, özünü Müsavat Partiyası Məclisinin üzvü hesab etməyən Vurğun Əyyubun buradan çıxarılması üçün səsverməyə ehtiyac yoxdur.
Sonda səsvermə olmadan Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması qərara alınıb.
Ulduz İbrahimova