Modern.az

Qarabağın Azərbaycanlı İcmasının sədri türk jurnalistlərin suallarını cavablandırdı – FOTOLAR

Qarabağın Azərbaycanlı İcmasının sədri türk jurnalistlərin suallarını cavablandırdı – FOTOLAR

4 Aprel 2015, 15:06

Bakıda səfərdə olan türkiyəli jurnalistlər bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasında olublar. Modern.az-ın məlumatına görə,  görüş zamanı icma sədri Bayram Səfərov türkiyəli media sədrlərinin suallarını cavablandırıb.

Bayram Səfərov Qarabağ probleminin Azərbaycanın ən ağrılı məsələsi olmağından, hazırkı işğal prosesinin hansı şəkildə davam etdiyindən danışıb: “Hazırda işğal altında olan Qarabağ ərazisində heç 50 minə yaxın erməni yaşamır. Lakin Qarabağın Azərbaycanlı İcması ermənilərdən say etibarı ilə çoxdur. Müharibədən sonra köçkünlərimiz bütün respublika boyunca səpələnmişdilər, çadırlarda yaşayırdılar. Artıq heç bir çadır şəhərçiyi mövcud deyil. Azərbaycan rəhbərliyi onların ağır şəraitini yaxşılaşdırmağa çalışır.
Biz bu gün düşünürük ki, 1 milyon insanın haqlarını necə və hansı şəkildə dünya ictimaiyyətinə çatdıraq. Bunun üçün bütün Türkiyə mediası ilə birgə işləməli və vətəndaşlarımızın haqq səsini dünya mediasına düzgün şəkildə çatdırmalıyıq. Mən ümid edirəm ki, biz hamımız düşmən işğalından azad edilən Şuşada toplaşacaq və bunu qeyd edəcəyik. Mənim bu gün hər şeyim var, lakin ata-anamın qəbrini ziyarət etməkdən məhrumam. Bundan ağrılı, acılı bir şey ola bilməz”. 

Türkiyəli jurnalistin Qarabağda hazırda baş verən insidentərlə bağlı sualına cavab verən deputat Rövşən Rzayev Qarabağda yerləşmiş işğalçı qüvvələrə qarşı həm diplomatik, həm də hərbi yolla fəaliyyətlərin aparıla biləcəyini bildirib: “Hazırda işğalçı rejim olan Ermənistan Qarabağda qeyri-qanuni olaraq bir cinayətkar oyuncaq rejim formalaşdırıb. Biz müharibəni diplomatik çərçivədə həll etmək, torpaqlarımızı azad etmək istəyirik. Lakin bu proses istənilən səviyyədə davam etməsə, təbii ki, biz torpaqlarımızı antiterror əməliyyatları ilə azad edə bilərik”. 

Görüşdə iştirak edən Ənvər paşanın nəvəsi Osman Mayatepek Qarabağ arğrısının ümumtürk dünyasının ağrısı olduğunu vurğulayıb:

“Qarabağ dərdi çox həssas bir ağrıdır. Vaxtilə ermənilər yalnız Qarabağda deyil,  bütün Azərbaycanda işğala başlamışdılar. Ötən əsrin əvvəlində 8 cəbhədə döyüşən Osmanlı ordusu qardaş Azərbaycanı qurtarmaq üçün Qafqaz İslam Ordusunu yaradaraq, buraya göndərdi. Çox çətinliklər içərisində olsa belə, qardaş Azərbaycan erməni-daşnak işğalından qurtarıldı. Bu gün də eyni yardımı, qardaş əlimizi uzatmağa hazırıq”. 

 



Şahin Qocayev  
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə