Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına start verir. Modern.az saytı xəbər verir ki, ilk sınaq imtahanı aprelin 5-də respublikanın 29 şəhər və rayonunda keçiriləcək.
TQDK-nın məlumatına görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48343 abituriyent qeydiyyatdan keçib.