Milli Şura ölkədə bahalaşmaya, inhisarçılığa, korrupsiyaya etiraz olaraq, bu gün “Talana son!” şüarı ilə mitinq keçirir. Modern.az saytı xəbər verir ki, mitinq saat 15.00-da metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda keçirilir.
Mitinqi AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynli aparır. Aksiyada çıxış edən AXCP sədri Əli Kərimli hakimiyyətin ünvanına ciddi ittihamlar səsləndirib. "Bu gün əsas tələbimiz sosial tələblərdir. O da var ki vətəndaşların sosial durum düzəlməsinin yolu xalqın azadlığından, siyasi məhbusların azadlığından keçir” - deyən Əli Kərimli aksiyaların davam etdirləcəyini söyləyib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ziyalı Eldəniz Quliyev ziyalıların, jurnalistlərin əsassız olaraq həbsini pisləyib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli çıxışı zaçamı Azərbaycan iqtisadiyyatının yarıtmaz siyasətlə idarə olunmasından bəhs edib.
Milli Şuranın sədri Cəmil Həsənli ölkədə iqtisadi vəziyyətin pisləşdiyini qeyd edib. O, manatın dəyərdən düşməsi nəticəsində xalqın vəziyyətinin ağırladığını vurğulayıb. Cəmil Həsənli ölkədə kredit faizlərinin çox olduğunu qeyd etdi. "Ölkədə elə bir ailə başçısı yoxdur ki, bankdan kredit almasın. Azərbaycan xalqını bu kredit əsarəti altına salanlar cavab verməlidirlər".
Aksiyada xırda insident də yaşanıb. Belə ki, aksiya iştirakçıları BŞİH-lə razılaşdırılmamış "İstefa!" şüarı səsləndiriblər. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları buna görə mitinq təşkilatçılarına xəbərdarlıq edib.
Modern.az