Modern.az

Bakı Polis İdarəsi: “Milli Şuranın mitinqində 500 nəfər iştirak edib”

Bakı Polis İdarəsi: “Milli Şuranın mitinqində 500 nəfər iştirak edib”

5 Aprel 2015, 19:05


Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın 5 aprel mitinqi ilə bağlı rəsmi məlumat yayıb. Rəsmi məlumata görə, aksiyada 500 nəfərə qədər adam iştirak edib. Polis həm də aksiyada "radikal dini qrupların" olduğunu iddia edib: 

"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.  
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib".

Aksiyanın təşkilatçıları isə bunun əksini idda edərək, mitinqdə 10 min nəfərin iştirak etdiyini bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə APA-ya deyib ki, “Milli Şura bu gün mitinq yox, piket keçirirdi. Ora toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idi. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar”.

Siyavuş Novruzov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb: “Dediklərinin hamısı yalan, Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi. İstər Avropa oyunları, istərsə də digər məsələlərlə bağlı yalan danışırlar. Müxalifət gərək çıxışında alternativ təklif də irəli sürsün. Onlar isə heç bir alternativ fikir irəli sürmür, ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə perspektivsiz, mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur”.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə