Modern.az

Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlılar ifadələrindən imtina etdilər

Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlılar ifadələrindən imtina etdilər

Təhsil

6 Aprel 2015, 14:38


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə Moden.az-a təqsirləndirilən şəxslər Tural Həsənov və Ruslan Mustafayevin hüquqlarını müdafiə edən vəkil Elmar Süleymanov məlumat verib.

O qeyd edib ki, prosesdə təqsirləndirilənlərin dindirilməsinə başlanılıb: “Onlar ifadələrində özlərini günahkar hesab etmədiklərini və irəli sürülən ittihamları qəbul etmədiklərini bildirdilər. Hətta bir neçəsi ilkin ifadəsindən imtina etdi. Səbəb olaraq istintaqa ifadə verən zaman onlara təzyiq göstərilməsini əsas gətirdilər”.

Aprelin 13-nə təyin olunan növbəti prosesdə şahidlərin dindiriləcəyi gözlənilir.

Ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 nəfər Azərbaycan vətəndaşı – Soltan Yusifov, Taleh Soltanov, Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev,  Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov, Vüqar Dursunəliyev və Elşən Qurbanlı şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib. 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə