Modern.az

Vətəni sevmək imandandır

Vətəni sevmək imandandır

Təhsil

6 Aprel 2015, 15:36

Bəzən insanın xarakterini izah edəndə deyirlər: “Əsl dağ oğludur”. Bu deyim bizim yerlərdə dağların əhatəsində, dağ yerində doğulan, yaşadığı ömrü  boyu mərdanə işlərlə məşğul olan, el-obasının xeyir və şərinə yarayan, “sözünü düz gözün içinə deyə bilən”  insanları xarakterizə etmək üçündür.

... Həkim Nahamionun ailəsi  İsmayıllının Haftaran bölgəsindən Göyçaya 150 il əvvəl köçüb. Dinini, adətini köçdüyü Göyçaya da gətirib. Ta qədimdən ocaqlarında, ailələrində  qorunan  yəhudi dini mərasimlərini Göyçayda keçirmək də Nahamionun üzərinə düşüb. Bu ibadətləri uşaqlıqda babalarından görmüşdülər, nənələri Tövratdan ona dərs öyrətmişdilər.  Çünki Nahamionun ana nənəsi də  yəhudilərin müqəddəs dini kitabını əzbərdən bilir və yaşadığı ərazinin qadınlarına dini dərslər öyrədirdi.

 Dünyanın gərdişindən, dini və digər elmlərə dərindən bələd olduğundan,  rayonda  məşhur loğman, həkim kimi ad çıxarıb. Sorağı Şirvan-Şamaxı boyunca yayılıb. Hər kəslə şirin danışar, üzünə gülər, qapısına gələni əliboş geri qaytarmazdı. Onun  türkəçarələri ilə nə qədər insan həyata qayıdıb. İnsanlara olan mehribançılığının əvəzi olaraq,  Nahamio kişiyə  “Şirin baba”  ayaması adını  qoymuşdular.

İndi bölgədə Hahamio “Şirin baba” həkim kimi tanınır. Onu da  qeyd edim ki,  Şirvanda, ta bineyi qədimdən insanlara etdiyi əmələ uyğun olaraq həmişə ayamalar qoşulub. Loğman və təbib kimi tanınan Nahamioya əlindən, əməlindən şəfa tapan xəstələr “Şirin baba” deyiblər. Beləcə, kişi el-obada daha çox “cuhut Şirin baba” kimi tanınıb.  Nahamio Şirin həm də yəhudilərin dini ayinlərini təbliğ edən, onu həyata keçirən rabi olub. Yəhudilərin bu bölgədə dinindən kənar düşməyə qoymayıb.  Son dayanacaq yeri, məkanı Göyçay rayonunda nəsil şəcərəsini artırıb. Övladları burada dünyaya gəlib, onun yolunu davam etdiriblər. Oğul nəvəsi dünyaya gələndə, nəsildə ənənə kimi, Nahamionun adını dünyaya yeni gələn körpəyə qoyublar. O adı, o nəsli  indi  56 yaşlı Nahamio Şirin davam etdirir.

Nahamio Şirinin ailəsini  bu gün də Göyçayda  “ravvinlər ailəsi” adlandırırlar.      

“Vətəni sevmək imandandır” –deyiblər.  Yuxarıda nəsil şəcərəsindən söhbət açdığım Nahamio Şirin qeyd etdiyim kimi,  Göyçayda doğulub. Oranı özünə Vətən bilir. 1990-cı ildə  Müqəddəs Torpaqlar adlandırdıqları İstail dünyadakı bütün yəhudilərə çağırış edəndə 30 yaşlı  Nahamio da, Göyçayda ata-anasının xeyir-duasını alandan sonra,  İsrailə gedib. Dayanacaq yeri İsrailin Akko şəhəri olub. Bir növ beynəlmiləl şəhər olan Akkoda Qafqazdan gedən 10 minə yaxın yəhudi yaşayır. Hazırda  Şirin əfəndi Akkoda Azərbaycandan gedən Yəhudilərin yatdıqları Qafqaz Yəhudiləri İttifaqının sədridir. “Tikvateyni” adlı  mədəniyyət klubunun direktorluğu da ona tapşırılıb. Yaşadıqları şəhərdə  elə böyük hörmət qazanlb ki,  şəhər Sovetinin deputatı da seçilib.


Şirin əfəndi ilə tanışlığımız bu il yanvar ayının ortalarında oldu. İsrailin Akko şəhərindən böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəlmişdilər. Məramları, gəlişləri  iki ölkəni bir-birinə dost etmək, yeni dostlar qazanmaq, dərdimizə şərik olmaq idi.

Nahamio Şirin Mihael Azərbaycana Akko şəhərin merini və digər sanballı qonaqları gətirmişdi. Niyyəti Azərbaycanın rəsmi dairələrindən Akko şəhərində  inşasına başaladıqları Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tikintisi üçün xeyir- dua almaq idi.

Azərbaycan həmişə qonağa, ocağının kənarında qızınan, isinən, yurd-yuva  salan insana qollarını açıb. Gələn qonağı gözlərinin üstündə qarşılayıb. Ən gözəl nemətini qonaq üçün açdığı süfrəsinə düzüb. Əlbəttə ki, ömrünün böyük bir hissəsini Azərbaycanda keçirən  Şirin əfəndi də bu mehribançılıq mühitində böyüyüb, elimizin-obamızın qonaqpərvərliyinə bələddir.  Özü ilə gətirdiyi İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyətini Quba şəhərinə apardı. Bir neçə məşhur qəzetin xüsusi müxbirlərini özü ilə gətirən Şimon Lankri Qubadakı məzarlıqda  gördüklərindən dəhşətə gəldiyini bildirdi. Dərdimizə şərik olduğunu söyləyib,  başımıza gətirilən fəlakətlər haqqında  dayanmadan dünyaya yaymağımızın vacibliyini bildirdi.
 Dedi ki,  bir yəhudi kimi, yaxşı bilir ki, yəhudilər tarixin bütün dönəmlərində Azərbaycanda firavan yaşayıblar. 1918-ci ildən ta bu günə qədər azərbaycanlıların başına gətirilən fəlakətləri, soyqırımları öz fəlakəti, öz soyqırımı kimi qəbul edir. Qubanın Qırmızı qəsəbəsindəki Sinaqoqda ibadət edən nümayəndə heyəti, təsədüfən Sinaqoqda bazar günü məktəbi dərslərinin keçirilməsini də izlədi. Dinləyicilərdən “İsrailə dönmək istərdinizmi” sualına cavab istəyən jurnalist, aldığı cavabdan bir az çaşdı da: “Bizim üçün öz evimiz, öz yurdumuz doğmadır. Burda qalmağa üstünlük veririrk”.

Akko şəhərində  Qubadan köç etmiş  10 minə yaxın yəhudinin bu ölkəyə  Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını apardığını desək, yanılmarıq.

Bunları da Şirin Nahamionun söhbətlərindən bildim. Dedi ki, artıq bir neçə ildir ki, İarailin bir çox yerlərində, Akko şəhərində də Xocalı soyqırımında  vəhşicəsinə  məhv edilənlər  yad edilirlər. Çünki, yəhudilər  soyqırımının nə olduğunu gözəl bilirlər. Azərbaycanın başına gətirilən soyqırımını dünya hələ tanımasa da, yəhudilərin soyqırımına məruz qalmalarını artıq  BMTnin  insan haqları Assambleyası 10 ildir ki,  tanıyıb. 

Azərbaycandan köçən yəhudilər icmasının, Qafqaz Yəhudiləri İttifaqının sədri Nahamio Şirin Mihaeli dedi ki, Akko şəhərində inşasına başladıqları  Tikvateynu  mədəniyyət evinin bir mərtəbəsi  Azərbaycandan köçən yəhudilərin  ixtiyarına veriləcək. Mədəniyyət evində “Heydər Əliyev adına Azərbaycan evi”, “Xocalı soyqırımı” muzeyi,  Azərbaycanın qədim tarixi,  eləcə də erməni işğalı altında olan  rayonların, ərazi vahidlərinin tarixi haqqında muzeylər fəaliyyət göstərəcək. Bu binanın  mailiyyəsini isə  Göyçayda doğulan, Azərbaycandan İsrailə köçən məşhur iş adamı German Raşbiloviç Zəkəryayev öz üzərinə götürüb.  Təkcə German Zəkəryayev deyil, Azərbaycanın havasını udan, suyunu içən, burada doğmasının, əzizinin məzarı olan hər bir yəhudi buna görə özünü Azərbaycana borclu sayır.
“Nə ediriksə, canı dildən, səmimi qəlbdən edirik. İsrail bizim Ana Vətənimiz, Azərbaycan isə, doğulduğumuz dünyaya göz açdığımız Vətənimizdir”.



20 ildən artıqdır ki, Azərbaycandan köçən yəhudilərin, eləcə də Qafqaz Yəhudiləri İttifaqının diaspora sədri kimi Akkoda hörmət qazanan, ağsaqqallıq, ravi missiyasını  yerinə yetirən Şirin əfəndi, Azərbaycan torpaqlarının azadlığı uğrunda  1992-ci ildə  Şuşada şəhid olan  Albert Aqarunov haqqında da danışdı. Dedi ki,  Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adını daşıyan 154 saylı məktəb barədə, onun qəhrəmanlığı barədə Akkoda yaşayan hər bir yəhudi bilir. Təbii ki, akkolular tkintisini layihələşdirdikləri Azərbaycan evində Albert Aqarunovun da xatirəsini əbədiləşdirəcəklər.    

Şirin Nahamio ilə olan görüşümüzdən üç aya yaxın  çox  vaxt keçir.  Yanvar ayında olan görüşdə iştirak etdiyim israilli nümayəndə heyyətinin fəal üzvü  Şirin əfəndi Nahamionun Akkodan gələn jurnalistlərə Azərbaycan haqqında ən gözəl sözləri, tarixi və mədəniyyəti bir bələdçi kimi danışmasını heç unuda bilmirəm. Mən onu kənardan müşahidə edirdim,  daxilindən gələn bu  bu sevgini, bu istəyi görməmək üçün ən azı ürəksiz olmaq lazım idi.

Yenicə Novruzdan çıxmışıq. Novruz süfrəlırinin dadı, bayram əhval-ruhiyyəsi hələ bizi tərk etməyib.  Ancaq çox adam bilmir ki, elə Şirin əfəndinin, German Zekeryayevin başçılığı ilə Akkoda yaşayan yəhudilər Novruzu  elə bizim kimi coşqu ilə qeyd etdilər. Musiqiləri Azərbaycandan, mahniları Azərbaycandan... bir də ki, səməni göyərtmişdilər.... lap azərbaycanlılar kimi... “Odlar yurdu” adlı İzrail- Azərbaycan teatr qrupunun üzvləri Novruz təntənəsini bayrama gələnlərə nümayiş etdirirdilər.

Akkoda yaşayan 10 mindən çox yəhudi Azəörbaycanı belə sevir, belə dəyərləndirirlər. Çünki, məclislərinin  böyüyü  nə vaxtsa Azərbaycanda öz əməli ilə ad-san qoymuş, hörmət sahibi olan  Nahamio Şirinin adını daşıyan nəvəsi  Nahamio Şirin Mihaeldir.  Necə deyərlər ot kökü üstə bitər. Babası Şirvan bölgəsində ad –san sahibi idi, özü isə ... Azərbaycandan uzaqda... çox uzaqda hörmətlidir. Bu uzaqlığı yaxın edən isə Şirin əfəndinin Azərbaycana, Odlar yurduna olan məhəbbətidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə