Milli Məclisin Sosial siyasət komitəsinin iclasında autizm xəstəliyi ilə bağlı dinləmə keçirilir. Modern.az saytının məlumatına görə dinləmələrdə Türkiyədən gələn qonaqlar da iştirak edir.
Çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu cür dinləmələr cəmiyyətin sosial sifarişinin hüquqi əsaslarını formalaşdırmaq baxımından önəmlidir. Deputatın sözlərinə görə Azərbaycanda autizm xəstəliyi olan insanların sosial müdafiəsi gündəmdə dayanan məsələlərdən biridir. Komitə sədri söyləyib ki, bu gün autizm xəstəliyinə tutulan insanlarla bağlı göstərilən statistikalarn nəticələrində bir uyğunsuzluq var: “Göstərilir ki, dünyada 60-70 min autizm xəstəsi var. Amma Azərbaycanda bu xəstəliyə tutulan xəstələrin sayı 3500 göstərilir. Bu uyğunsuzluqdur”.
Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay isə bu xəstəliyin aradan qaldırılması məsələsində Türkiyə təcrübəsindən söz açıb: “Biz bələdiyyə olaraq sosial məsuliyyət layihəsi çərçivəsində ailələrin problemlərini yüngülləşdirmək üçün addımlar atırıq. Analar uşağa qoyulan diaqnozadan sonra sosial həyatdan geri qalırlar. Biz autizm və daun sindromuna tutulanların bir ömür boyu yaşaması üçün reabilitasiya mərkəzi inşa edirik. Bu layihənin dəyəri 6 milyon dollardır. Reabilitasiya mərkəzinin sahəsi 21 min kvadrat metrdir. Onun 8500 kvadrat metri qapalıdır. Burada uşaqlar üçün idman sahələri, hovuzlar, konfrans zalları var”.
Daha sonra Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, Azərbaycanın baş psixiatrı, professor Gəray Gəraybəyli də çıxış edib. O vurğulayıb ki, bu gün Azərbaycanda psixi sağlamlıq məsələlərinə diqqət, qayğı durmadan artır. Ölkənin baş psixiatrı vurğulayıb ki, 8-10 il bundan əvvəl Azərbaycanda nadir hallarda autizm xəstələlərinə rast gəlinirdi. Gəray Gəraybəyli onu da əlavə edib ki, autizim xəstəliyi sırf tibbi məsələ deyil.
“Həkimlərin, psixiatrların səyi bu xəstəliyin diaqnozuna yönəlib. Bu xəstəlik daha çox oğlan uşaqlarında müşahidə olunur. Bu xəstələrin ailələrinə sosial yardım göstərilməlidir”,-deyə o söyləyib.
Autizm insanlarda erkən yaşlarda aşlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir.
Aqşin Kərimov