“Parlament seçkiləri ilə bağlı bizdə yekun qərar yoxdur. Seçkilərə qatılıb-qatılmayacağımız seçki qanunundakı dəyişikliklərdən və demokratik seçki mühitinin yaradılmasından birbaşa asılı olacaq”.
Bunu Modern.az saytına açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Əhməd Oruc saxtakarlıq olmayacağı təqdirdə seçkilərə qatılacağını əlavə edib.
“Seçki öncəsi bir daha bu məsələni dəyərləndirəcəyik. Hesab etsək ki, seçkilərin saxtalaşdırılmayacağına müəyyən təminatlar var, o zaman qatılacağıq. Əksinə, heç bir demokratik mühit olmayacaqsa bu məsələyə yenidən baxacağıq”.
Partiya sədri manatın devalvasiyasının şəxsi təsərrüfatına vura biləcəyi zərərdən də danışıb.
“Bir ilə yaxındır ki, təsərrüfatımın profilini dəyişmişəm. Daha inək saxlamıram. İnəklərimi yaxın adamlarımızdan birinə təhvil verdim. Əvəzində başımı qatmaq üçün hal-hazırda arıçılıqla məşğulam. Hələ ki, arıçılıq məhsulunu satışa çıxarmamışam. İndi yaz fəsli olduğundan arıçılığın əsaslarını öyrənirəm. Çünki yaz vaxtı arıların sayını bir az da artırmaq olar. O məsələlərlə çox ciddi məşğulam. Əgər çoxalda bilsəm, arıçılıqdan satış məqsədi ilə də istifadə edəcəm. Hələlik, arılarıma manatın devalyasiyaya uğramasının elə bir təsiri olmayıb. İkincisi, hesab edirəm ki, devalyasiya qaçılmazdır. Çünki Azərbaycan iqtisadiyyatı dünyaya açıqdır. Dünyada dolların kursundan birbaşa asılı olan neft istehsalı da Azərbaycanın büdcəsinin əsas formalaşdırıcıdır. Bu proseslərin Azərbaycana təsir etməməsi mümkünsüz idi. Sadəcə, devalvasiyanın təsirini azaltmaq üçün hakimiyyət çoxsaylı addımlar atmalıdır”.
Namidə Bingöl