Modern.az

İqlim dəyişikliyi arıların qidalanmasına ciddi problem yaradır - Ekspert

İqlim dəyişikliyi arıların qidalanmasına ciddi problem yaradır - Ekspert

8 Aprel 2015, 17:14

 

“Azərbaycanda arıçılıq sıradan çıxmaqdadır, müəyyən qədər Şəki-Zaqatala, Quba-Xaçmaz bölgəsində, Gədəbəy rayonunda inkişaf etdirilir”. Bu haqda Modern.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərəmov məlumat verib.  

O qeyd edib ki, bu problemin yaranmasının bir neçə səbəbi var:

“Arıların normal qidalanmaması, bölgələrdə arı ziyanvericilərinin çoxalması, xəstəliklərin geniş yayılması, dəyişən iqlim şəraiti, bitkilərin çiçəkləmə və mayalanma dövründə pestisidlərdən (dərman preparatları) geniş istifadə olunması onların sayının azalmasına, yəni məhvinə səbəb olur. Konkret səbəblər isə yerlərdə müəyyən olunmalıdır.  

Son zamanlar təbiətdə baş verən iqlim dəyişikliyi də əsas səbəblər sırasındadır. Hazırda ölkədə arıların qidalanması ilə bağlı ciddi problem var. Məlum olduğu kimi, arılar bitkilərin çiçəkləmə, mayalanma dövründə daha çox qida üçün nektar toplayır. Təəssüf ki, indi təbiətdə daha çox yağış yağır. Bu da arıların hərəkətini məhdudlaşdırır.

Eyni zamanda, bitkiçilik məhsullarının istehsalının azalması da arıların qidaya olan tələbatının ödənilməsində problem yaradır. Bu iki məsələ bir-birilə sıx əlaqəlidir. Həm də qida axtarışında çox olan və normal qida ala bilməyən arılar zəif olduqları üçün onlar arasında xəstəliklər də geniş yayılır”.  

Vahid Məhərrəmov bildirib ki, bu sahəyə hökumət tərəfindən kifayət qədər diqqətin ayrılmaması, dəstək verilməməsi problemin daha da dərinləşməsinə gətirib çıxarır:

“Düşünürəm ki, hökumət bu sahəyə müəyyən qədər subsidiya ayrılmasını həyata keçirməli, xüsusilə bitkiçiliyi inkişaf etdirməlidir. Bitkiçiliyin inkişafı bir çox sahələrin, o cümlədən arıçılığın, heyvandarlığın da inkişafına müsbət təsir edər.  

Daha ciddi problem arıçılıqla məşğul olanların əldə etdikləri məhsulu bazara çıxara bilməməsidir. Məsələ burasındadır ki, saxta bal istehsalçıları asanlıqla əldə etdikləri “balı” bazarlarda sata bilirlər, çünki məhsulu ucuz təklif edirlər. Belə olan halda keyfiyyətli balın satışında ciddi problem yaranır.

Təbii bal istehsalı baha başa gəldiyindən həmin məhsul baha təklif edilir. Bal satışında problem yaradanların əksəriyyətinin kim olduğu məlumdur.  

Ümumiyyətlə, ilk növbədə bazara çıxarılan bala ciddi nəzarət edilməlidir. Bu hamı üçün vacibdir. Əgər bazara çıxarılan balın keyfiyyəti laboratoriya şəraitində yoxlanılarsa, keyfiyyətə uyğun sertifikiat verilərsə, bu zaman faktiki olaraq saxta bal sıradan çıxacaq. Əlbəttə, bu birbaşa məmurlardan asılıdır. Məmur rüşvət alıb saxta bala sənəd verəcəyi təqdirdə, təbii olaraq problem daha da dərinləşəcək”.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə