Modern.az

Özəl universitetlərdə köçkün tələbələr təhsil haqqından azad edilməlidirmi? - Deputatlar və ekspert fərqli düşünür

Özəl universitetlərdə köçkün tələbələr təhsil haqqından azad edilməlidirmi? - Deputatlar və ekspert fərqli düşünür

16 Aprel 2015, 14:33


Azərbaycanda dövlət təhsil müəssisələrində oxuyan məcburi köçkünlər təhsil haqqından azad edilib. Əslində dövlət büdcəsindən məcburi köçkünlərin təhsil haqqı ödənilir. Ancaq məcburi köçkün statusunda olan, özəl universitetlərdə oxuyan tələbələrə bu şamil olunmur. Görəsən, özəl universitetlərdə təhsil alan məcburi köçkünlərin təhsil haqları niyə ödənilmir? Dövlət bu məsələdə niyə maraqlı deyil?

Modern.az saytı məsələ ilə bağlı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, iqtisadçı ekspert Vüqar Bayramlı və deputat, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin fikirlərini öyrənib.

Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycanda vətəndaşın şəxsi biznes fəaliyyəti qurmaq, onu idarə etmək və məşğul olmaq hüququ var: “Bu, mülkiyyət və sahibkarlıq fəaliyyəti haqqında qanunda öz əksini tapıb.  Özəl ali təhsil müəssisələri, liseylər də biznes fəaliyyətinin bir növüdür. Dövlət mülkiyyət hüququnu tanıyırsa, heç vaxt özəl universitetlərə təhsil haqqını alma deyə bilməz. O müstəqil fəaliyyətlə məşğuldursa, mütləq gəlir də götürməlidir. Dövlət bunu, ancaq tövsiyə şəklində deyə bilər. Məcbur edildiyi halda qanun pozuntusu sayılır.

Dövlətin təhsil müəssisələrində məcburi köçkünlərin təhsil haqqını ödəməsi deyəndə söhbət müəyyən kompensasiyadan gedir. Dövlət öz qurumuna müəyyən yardımlar edir. Burda qanun pozuntusu yoxdur. Dövlət özəl ali təhsil müəssisəsində məcburi köçkünü təhsil haqqından azad etsə, birbaşa tələbənin pulunu ödəməlidir. Doğru deyirsiniz, burda bir balaca incəlik var. Dövlət, ancaq özünə tabe olan təhsil müəssisəsində bu prinsipi tətbiq edə bilir”.

Vüqar Bayramlı bildirib ki, özəl təhsil müəssisələrində oxuyan məcburi köçkünlərin təhsil haqqından azad edilməsi üçün dövlət büdcəsindən ödənişlərin edilməsinə ehtiyac var: “Dövlət özəl ali məktəbdə oxuyan tələbələrin təhsil haqlarının qarşılanmasını mülkiyyət hüququ baxımından bir öhdəlik kimi özəl universitetlər qarşısında qaldıra bilməz. Özəl ali məktəbdə oxuyan tələbənin təhsil haqqından azad edilməsinin yeganə yolu, ancaq Təhsil Nazirliyi dövlət büdcəsindən bu vəsaiti ödəyəcəyi təqdirdə yaranır. Ancaq bu halda məcburi köçkünlərin təhsil haqqından azad edilməsi mümkündür”.

Dövlət nə üçün dövlət ali təhsil müəssisələrində oxuyan tələbələrin təhsil haqqını qarşılamaqda maraqlıdır?

Ekspertin sözlərinə görə, burda əsas məsələ dövlət büdcəsinə ayrılan vəsaitin dövlət mülkiyyətində olan müəssisəyə getməsidir: “Dövlət özəl sektorda fəaliyyət göstərən müəssisələrə bu tip yardımlar və ya əvəzlənmələr etməkdə maraqlı deyil. Əgər özəl sektorda bu tətbiq olunsa, o zaman məcburi köçkünlərin, güzəşt hüququ olan tələbələrin bir qismi özəl universitetlərdə oxumaqda maraqlı olacaq. Özəl universitetlərdə oxuyan tələbələr üçün təhsil haqqının ödənilməsi tam tətbiq edilməsə belə, təhsil haqqının 50 faizinin dövlət tərəfindən qarşılanması mümkündür. Əgər özəl universitetdə  məcburi köçkünün təhsil haqqının 50 faizini dövlət qarşılasa, bu, dövlət büdcəsindən özəl sektora ayrılan vəsaitin həcminə müəyyən qədər qənaət etməyə imkan verəcək. Digər tərəfdən, abituriyentin seçim imkanı olacaq. Əgər onun təhsil haqqının yarısını ödəmək imkanı olsa, o zaman özəl universiteti seçəcək, əgər imkanı yoxdursa, dövlət universitetini seçəcək. Bu da tələbə və onun ailəsinin gəlirlərinə uyğun geniş seçim imkanı deməkdir”.

Əhməd Vəliyev məsələ ilə bağlı dəflərlə Milli Məclisdə çıxış etdiyini deyib: “Hətta dövlət büdcəsinin təsdiqində, hökumətin hesabatı zamanı da xahiş etmişəm ki, eyni statusa malik olan insanların təhsil ödənişi dövlət tərəfindən ödənilsin. Eyni statusda olan məcburi köçkün ailələri bilirlər ki, dövlət təhsil müəssisələri ilə özəllərdə onların hüquqları fərqlidir. Harada olmasından asılı olmayaraq istərdim ki, hər iki universitetdə təhsil alan məcburi köçkünlərə eyni münasibət göstərilsin. Hazırda təhsil müəssisələrində adam sayına maliyyələşməyə keçilib. Dövlət sifarişi ilə qəbul olanlar dövlət təhsil müəssisələrində də, özəl universitetlərdə də dövlət tərəfindən maliyyələşir. Belə olduğu halda eyni statusa malik olan məcburi köçkünlərə də eyni hal şamil edilməlidir. Yalnız bu halda haqq-ədalət öz yerini tutar.

Mən bilmirəm, nəyə görə dövlət bu işdə maraqlı deyil. Görünür haradasa bu məsələyə baxılanda özəl sözünə görə diqqətdən qaçıb. Hesab edirəm ki, 2009-cu ildə təhsil qanunu qəbul ediləndə adam sayına maliyyələşmə məsələsinə baxılanda, bu, eyni statuslu insanlara da şamil olunmalı idi. Zənnimcə, bu sərəncam eyni hüquqlu, eyni statuslu insanlar üçün tətbiq oluna bilər.

Bəlkə də dövlətin yükünü bir qədər artırmaq yox, yüngülləşdirmək məqsədi ilə hər ikisi də ləğv olunmalıdır. Belə də ola bilər. Bu halda narazılıq da aradan götürülər. Dəfələrlə bununla bağlı eyni köçkün ailəsindən bizə müraciətlər olunub. Dövlət universitetlərini misal gətirib soruşurlar ki, nəyə görə qardaşım təhsil haqqından azaddır, ancaq özəldə mən təhsil haqqı ödəyirəm? Bunun səbəbini onlara dəqiq başa sala bilmirəm. Arzu edərdim ki, buna diqqət yetirilsin və məsələ öz həllini tapsın”.

Yeganə OQTAYQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə