“Roma Papasının çıxışından iki-üç gün sonra Avropa Parlamentinin belə ikiüzlü qətnamə qəbul etməsi açığı, Azərbaycan və Türkiyə ictimaiyyətini, haqq ədaləti başa düşən insanları çox məyus etdi”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı (NATO PA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.Deputat belə bir addımın atılmasını qəti surətdə pisləyib.
“Qondarma erməni soyqırımı 100 il bundan qabaq tarixin hansısa küncündə qalıb. 10 ildən çoxdur ki, Türkiyə rəhbərliyi ən yüksək səviyyədə dünyaya bəyan edir, tarixçiləri, alimləri dəvət edir ki, biz arxivi açmışıq, gəlin araşdıraq, ortaq komissiyalar yaradaq və bu məsələ biryolluq dünya ictimaiyyətində aydınlaşsın.
Bu günə qədər isə bir yerdən belə səs-soraq çıxmayıb. Hansısa beynəlxalq təşkilatdan, hansısa ölkədən bu çağırışa, bu müraciətə hay verən olmayıb. Türkiyə hökuməti ən yüksək səviyyədə Ermənistan ictimaiyyətinə və Ermənistan hökumətinə arxivlərin açılması ilə bağlı müraciət edib. Heç bir konkret fakta söykənməyən, belə bir ikiüzlü xristian təəssübkeşliyi ilə qəbul edilən qətnamə Azərbaycan ictimaiyyətində, eləcə də, Türkiyədə Avropa Birliyi ilə ikitərəfli, çoxtərəfli əməkdaşlığa inamı şübhə altına alır. Bu bizdə bir növ xəyal qırıqlığı yaradır.
Ona görə ki, 20 il bundan qabaq, yəni, 1992-ci ildə bugünkü dünya insanının gözü önündə baş vermiş böyük bir Xocalı şəhərinin yer üzündən silinməsini görməyən Avropa Birliyi, Avropa parlamentariləri, Roma Papası bunu görməzliyə, eşitməzliyə dərketməzliyə vururlar. Amma 100 il bundan qabaq baş verdiyi iddia edilən saxta soyqırımı, erməni yalanı ilə bağlı qətnamə qəbul edirlər. Bu azmış kimi Avropa ölkələrinə də 24 aprelin soyqırımı günü kimi qeyd olunmasını bir növ məsləhət görürlər.
Bu günə qədər Azərbaycan tarixçilərinin, siyasətçilərinin, dövlət xadimlərinin dünyada Qarabağın işğalı, Xocalı soyqırımı ilə bağlı apardığımız səylərə baxmayaraq, bir çox ölkələr bunu soyqırımı kimi tanıyıb. Xocalıda baş verənləri insanlığa cinayət kimi qəbul edib. Buna baxmayaraq, bu hadisə dünya insanının gözü qarşısında baş verib və bu günə qədər Azərbaycanın 20 faiz torpağı işğal altındadır.
BMT-nin qəbul etdiyi qətnamələr Ermənistan ordusunun qeyd-şərtsiz olaraq işğal edilmiş torpaqlardan geri çəkilməsini tələb edir. Azərbaycan ordusunun ərazi bütövlüyünü pozan Ermənistan silahlı birləşmələri torpaqlarımızdan çıxmalıdırlar ki, bir milyon qaçqın və məcburi köçkün dədə-baba yurdlarına qayıtsın.
Bunu görməyən, bununla bağlı konkret addımlar atmayan beynəlxalq təşkilatlar bir daha sübut etdilər ki, orda ancaq xristian təəssübkeşliyi durur. Bir növ bu cür hərəkətlər xaç yürüşlərinin davamını göstərir. Sanki bütün yolları bloka salmaq istəyindədirlər. Biz bundan sonra onların Azərbaycana qarşı səmimi münasibət bəsləməsinə necə baxa bilərik?!
Bu gün Azərbaycan xalqının başını qatmaq üçün Qarabağ probleminin həllindən, Xocalı soyqırımına dünyanın ən yüksək səviyyədə, beynəlxalq hüquq səviyyəsində qiymət verilməsindən yayındırmaq məqsədilə, belə bir ikiüzlü qətnamə qəbul edirlər.
Hesab edirəm ki, Azərbaycan parlamenti növbəti plenar iclası zamanı parlamentarilər tərəfindən ən yüksək səviyyədə məsələyə münasibət bildirilməlidir. Azərbaycan parlamenti bununla bağlı sərt bir müraciət və qərar qəbul edib Avropa Parlamentinə, eləcə də, Roma Papasına göndərməlidir”.
Namidə BİNGÖL