Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiya Patriarxı Birinci Abune Matiyas ilə görüş keçirib. Modern.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Efiopiya arasında münasibətlərin inkişafı perspektivləri müzakirə edildi və ölkələrimiz arasındakı əlaqələrin inkişafı üçün potensialın mövcud olduğu qeyd edildi.
Birinci Abune Matiyasa ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları, ölkəmizin regional liderə cevrilməsi, Azərbaycanın multikulturalizm və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində həyata keçirdiyi beynəlxalq miqyaslı fəaliyyəti və ev sahibliyi etdiyimiz bir neçə möhtəşəm beynəlxalq səviyyəli tədbirlər barədə ətraflı məlumat verilib.Azərbaycanda tolerantlıq və çoxmədəniyyətlilik ənənələrinin tarixən inkişaf etdiyini Efiopiya Patriarxının diqqətinə çatdıraraq, bu ənənələrinin əsasının qədim zamanlardan qoyulduğu bildirilib. Belə ki, Azərbaycanın dünyada multikulturalizmin təşviqinə daim töhfə verdiyini və torpaqlarımızda tarixən bütün dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığı qeyd edillib. Görüşdə Azərbaycanın müxtəlif mədəniyyətlər arasında daim körpü rolunu oynadığı vurğulayıb.
Birinci Abune Matiyas Azərbaycanın Efiopiyada yeni açılmış Səfirliyinin fəaliyyəti ilə maraqlandı və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi yolunda Səfirliyə fəaliyyətində uğurlar arzuladı. Efiopiya Patriarxı Azərbaycanla Efiopiya arasında münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı şəkildə səylərin davam etdirilməsi vacibliyini vurğuladı. Efiopiya Patriarxına Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyi və Əddis-Əbəbədə fəaliyyət göstərən Azərbaycan Səfirliyinin həm Efiopiya, həm də Afrika İttifaqı ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışacağı bildirilib.
Səfir Elman Abdullayev Azərbaycan Respublikasının Səfirliyi adından Pasxa bayramı münasibəti ilə Patriarx və onun rəhbərliyik etdiyi qurumu təbrik edib.