Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Quba rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb.
Modern.az-ın verdiyi xəbərə görə, qəbulda Qubadan, eləcə də qonşu Xaçmaz və Şabran rayonlarından olan 27 nəfər sakin qəbul edilib. Seçicilər işlə təmin olunma, sosial yardımların elektron qaydada təyinatının tətbiqi ilə bağlı yaranan çətinliklərin həll olunmasına kömək, ağır xəstəliklərə yoluxanların xaricdə müalicə almalarına kömək, torpaq ayrılması, qaz, işıq haqqı ödəmələrində yaranan problemlərin həlli və digər məsələlər qaldırıblar.
Sakinləri narahat edən bəzi məsələlər yerindəcə həll edilib, vaxt və mərkəzi təşkilatların müdaxiləsi tələb olunan məsələlər nəzarətə götürülüb.
Qəbuldan sonra Quba-Qonaqkənd yolunun tikintisi işləri ilə maraqlanan deputat Vahid Əhmədov rayon yol idarəsinin rəisi Tağı Tağıyevlə birlikdə həmin sahəyə baş çəkib, işlərin gedişi zamanı yaranan problemlərin həllində yardımçı olacağını bildirib.Sonra Quba rayon İcra Hakimiyyətinə gedən deputat görüşləri və qəbulla bağlı rəhbərliklə təəssüratlarını bölüşüb, əhalini narahat edən məsələlərin həlli yolları barəsində fikir mübadiləsi aparıb.
Modern.az