Aprel ayının 23-də Bakı Ali Neft Məktəbində (BANM) mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbələrin 3-cü elmi-texniki konfransı keçirilib.
Konfransın plenar iclasında BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu deyib.
Ali Məktəbdə tədrisin elmi fəaliyyətlə vəhdət təşkil etdiyini vurğulayan rektor tələbələrin konfranslarının keçirilməsinin onlara elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təşkil etmək üçün əlverişli vasitə olduğunu qeyd edib.
Konfransda iştirak edən SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tələbələri konfransın açılışı münasibətilə təbrik edib və konfransın işində uğurlar arzulayıb.
Konfransın Təşkilat Komitəsinin sədrinin müavini, BANM-in Ali təhsildən sonrakı təhsil şöbəsinin (doktorantura) rəisi, professor Rəna Mustafayeva plenar və bölmə iclaslarının təşkili, tələbələrin məruzələrinin hər bölmədə fəaliyyət göstərəcək münsiflər tərəfindən qiymətləndirilməsi qaydaları haqqında məlumat verərək, SOCAR, ölkədə fəaliyyət göstərən və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edən 8 transmilli şirkət tərəfindən konfransda maraqlı məruzələri ilə fərqlənən tələbələr üçün hədiyyələr təsis edildiyini elan edib.
Sonra konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib.
Konfrans öz işini bölmələrdə davam etdirib. Belə ki, “Neft-qaz və Kimya Mühəndisliyi” bölməsinin iclasında 25, “Fizika və riyaziyyat” bölməsinin iclasında 18 və “İnformasiya və Kommunikasiya Texnologiyaları” bölməsinin iclasında 7 məruzə dinlənilib və münsiflər tərəfindən qiymətləndirilib.
Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri məruzələrin qiymətləndirilməsinin nəticələrinə əsasən ən maraqlı məruzələri təqdim etmiş iştirakçıları müəyyən edib.
Konfransın yekun iclasında fərqlənmiş tələbələrə BANM-in diplomları, SOCAR, BP, “Statoil”, “Total”, “Halliburton”, “Schlumberger”, “Emerson”, “ABB” və “Avandsis group” şirkətlərinin hədiyyələri təqdim olunub.