Bakı Slavyan Universiteti (BSU) Məktəb-Lisey Kompleksində (MLK) hər il aprel ayında “Açıq qapı” günü keçirilir. Bu il də MLK-da müxtəlif fənlər üzrə 14 açıq dərs təşkil olunub. BSU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, orta məktəblərdə fənn kurikulumları tətbiq olunsa da, hələ də bu istiqamətdə müxtəlif çətinliklər var. Bu məqsədlə də Məktəb-Lisey Kompleksində dərslər əsasən kurikulum, yəni V-VII siniflərdə təşkil olunub. Dərslərdə bir çox ali və orta məktəblərdən qonaq qismində müəllimlər iştirak ediblər, dinləmələrin sonunda müəllimlərimiz və qonaqların iştirakı ilə dərslərin müzakirəsi keçirilib. Müzakirələr maraqlı fikir və təkliflərlə yadda qalıb. BSU-nun Avropa dilləri, Multikulturalizm, Alman dili, Azərbaycan dili və onun tədrisi metodikası və s. kafedralarının müəllimləri, Bakının müxtəlif məktəb və liseylərini təmsil edən yaradıcı müəllimlər müzakirələrdə fikir və rəylərini bildiriblər, MLK-da yeni təlim texnologiyaları, İKT-nin tətbiqi vəziyyətindən məmnun qaldıqlarını bildiriblər.
Kompleksin direktoru, dosent İlahə Carçıyeva dərsləri aparan müəllimlərə və qonaqlara təşəkkürünü bildirib, Kompleks müəllimlərinin universitetin müxtəlif tədbirlərində, açıq dərslərdə iştirakının faydasını qeyd edib. Mart-aprel aylarında universitetin rektoru, professor Asif Hacıyevin təşəbbüsü ilə professor-müəllim heyətinin VIII-XI siniflərdə dərs və müzakirələrinin, təqdimatlarının şagirdlər arasında canlanmaya səbəb olduğunu söyləyib. Direktor Ulu öndər Heydər Əliyevin 92-ci il dönümünə həsr olunan ənənəvi Beynəlxalq konfrans və aprelin 30-da BSU-nun təşkilatçılığı ilə MLK bazasında keçiriləcək Şagird-Tələbə konfransı barədə danışıb. Qaçqın məktəblərin istedadlı şagirdlərinin elmi işlərinə rəhbərlik edən universitet əməkdaşlığına xüsusi minnətdarlığını bildirib.
Qeyd edək ki, Bakı Slavyan Universiteti Humanitar liseyi 2000-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə 2010-cu ildən Bakı şəhər 15 saylı tam orta məktəb liseyə birləşdirilərək BSU nəzdində Məktəb-Lisey Kompleksi adlandırılıb.
Modern.az