Modern.az

Deputat “Reklam haqqında” qanunun layihəsinin qadağalarından danışdı

Deputat “Reklam haqqında” qanunun layihəsinin qadağalarından danışdı

24 Aprel 2015, 12:29

““Reklam haqqında” qanun II oxunuşda deputatlar tərəfindən irəli sürülən, eləcə də təşkilatlardan gələn rəylər və təkliflər əsasında təkmilləşdirilib. Qanun layihəsinin III oxunuşda Milli Məclisin plenar iclasına çıxarılmasından ötrü aprelin 24-də İqtisadi siyasət komitəsində yenidən baxılacaq”.

Bu barədə Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib.

Palament üzvü qeyd edib ki, qanun layihəsində daha çox müzakirə obyekti olan bir neçə məsələ var:

“Layihənin 4.7-ci bəndində göstərilib ki, reklamda Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən, reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı başqa dillərdən istifadə oluna bilər. Belə halda xarici dildə olan mətn dövlət dilindəki mətndən sonra yerləşdirilməli, reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır.

Layihədə əvvəlcə sosial reklamla bağlı zəruri dəyişikliklər edildi və maraqların konfliktindən maraqların balanslaşdırılmasına imkan verən variant üzərində durduq. III oxunuşa hazırlanmış sonuncu variantda maddə 10.5-də göstərilir ki, mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radioda reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur.

Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9.00-dan 24.00-a qədər olan müddət ərzində yayımlanmalıdır. Televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir”.

Deputat Qanunda öz əksini tapan tütün və tütün məmulatları ilə bağlı maddəyə də aydınlıq gətirib:

“Maddə 28-də göstərilib ki, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Spirtli içkilərin və dərman vasitələrinin reklamı ilə bağlı isə beynəlxalq praktikada istifadə edilən variantlar seçilib.

Real həyatda çox vaxt narazılıq yaradan digər vacib məsələyə münasibət maddə 23.1-də öz əksini tapıb. Telekommunikasiya operatoru və provayderi reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçiyə yalnız arzuladığı reklamın yayımlanması üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya bu Qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır”.

Qanun layihəsi aprelin 24-də İqtisadi siyasət komitəsində baxıldıqdan sonra III oxunuş üçün Milli Məclisin Plenar iclasına çıxaraılacaq.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə