İki gündən sonra, aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında bir sıra vacib qərarlarla bərabər, vitse-prezident seçkiləri də keçiriləcək. Ümumiyyətlə, hazırda ölkənin ən ali elmi qurumunda vitse-prezident vəzifəsi elmə və təşkilat olaraq AMEA-ya xeyir verirmi? AMEA-nın indiki vitse-prezidentləri kimlərdir? Mərhum vitse-prezident Akif Hacıyevin yerinə kim seçiləcək?
Modern.az bu suallara cavab axtarıb.
Öncə qeyd edək ki, mərhum vitse-prezident Akif Hacıyev qəfil dünyasını dəyişən sabiq prezident Mahmud Kərimovdan sonra AMEA-da keçirilən növbədənkənar prezident seçkiləri zamanı seçilən 4 vitse-prezident arasında idi. Həmin yığıncaqda Mahmud Kərimovun zamanında elmi qurumun vitse-prezidenti və Geologiya İnstitutunun direktoru olan akademik Akif Əlizadə AMEA-nın prezindeti seçildi. 2013-cü ildə keçirilən seçkidə prezident Akif Əlizadənin vitse-prezidentlər və akademik-katiblər komandasında bu alimlər yer aldı:
Vitse-prezindentlər - Akif Hacıyev, Tofiq Nağıyev, İsa Həbibbəyli, İbrahim Quliyev (hamısı akademikdir).
Akademik katiblər: Rasim Əliquliyev (Akademiyanın akademik katibi), Əhliman Əmiraslanov (biologiya və tibb elmləri bölməsi), Teymur Kərimli (humanitar və ictimai elmlər bölməsi), Qərib Məmmədov (aqrar elmlər bölməsi), Dilqəm Tağıyev (kimya elmlər bölməsi).
Yenidən qayıdaq vitse-prezidentlərə: Akif Hacıyev - bu ilin əvvəlində vitse-prezident seçilməzdən əvvəl uzun müddət Mexanika-Riyaziyyat İnstitutunun direktoru kimi çalışıb. Sonradan onu keçmiş təhsil naziri Misir Mərdanov əvəz edib. Böyük Cəfər Xəndanın oğlu olan akademik ölümü ilə AMEA-da fizika riyaziyyat və dəqiq elmlər bölməsini də akademik-katibsiz qoydu. Hazırda mərhum akademikin boş qalan vitse-prezident kürsüsünə seçiləcək şəxsin akademik katib kimi də çalışacağını demək doğru olmaz. Odur ki, aprelin 29-dakı yığıncağında akademik katib seçkilərinin də keçiriləcəyini demək olar. Mərhum akademikin yerinə kimin gələcəyi isə hazırda sual altındadır. Təkcə profili nəzərə alaraq deyə bilərik ki, yeni seçiləcək vitse-prezident fizika-riyaziyyat və dəqiq elmlərin nümayəndəsi olacaq.
Digər vitse-prezindentlərə nəzər salaq. AMEA-da ən fəal vitse-prezident akademik, deputat İsa Həbibəylidir. İctimai-humanitar , eləcə də rəsmi tədbirlərin əksəriyyətinin əsas siması və təşkilatçısı olan akademik həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. Bu təyinatlardan əvvəl uzun müddət Naxçıvan Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərib. Hazırda həm elm, həm də siyasi sahədə gərgin qrafikli fəaliyyəti ilə seçilir.
Başqa bir vitse-prezident İbrahim Quliyev də demək olar bütün elmi karyerası müddətində indiki prezident Akif Əlizadə ilə bərabər çalışıb. Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun direktoru olanda onun müavini vəzifəsində çalışıb. Azərbaycanın “Əməkdar elm xadimi” və Dövlət mükafatı laureatı olan alim AMEA-ya hər zaman sadiqliyi ilə seçilib.
Sonuncu vitse-prezident isə böyük alim Murtuza Nağıyevin oğlu Tofiq Nağıyevdir. Dünya elminə 190 töhfə verən alim ötən il Dövlət mükafatına layiq görülüb.
AMEA-nın vitse-prezidentləri ilə qismən də tanış olandan sonra belə qənaətə gəlmək olar ki, onlarla eyni statusu bölüşəcək və mərhum akademik Akif Hacıyevi əvəzləyək şəxs də ən azından bu alimlərlə eyni çəkiyə sahib olmalıdır.
Hər halda, hər şeyi növbəti yığıncaq və yığıncaqlar göstərəcək!
Elmin NURİ