Modern.az

Azərbaycan diasporu niyə həmrəy deyil? - TƏHLİL

Azərbaycan diasporu niyə həmrəy deyil? - TƏHLİL

27 Aprel 2015, 18:07


Bu il “erməni soyqırımı”nın 100 illiyini qeyd edən ermənilər dünyanın müxtəlif ölkələrinə səpələnən diasporlarının köməyi ilə misli görünməmiş təbliğat kompaniyasına başladılar. Ermənistan sakinləri ilə yanaşı, Amerika və Avropada yaşayan məşhur ermənilər “əzabkeş erməni xalqı” stereotipini möhkəmləndirmək üçün müxtəlif fəndlərdən istifadə etdilər. Təəssüf ki, sayları vur-tut 10 milyon olan dünya erməniliyi bu siyasətlərində xeyli uğurlar qazana bildilər.

ATƏT-in Minsk qrupuna həmsədr olan 3 ölkədən 2-sinin - Rusiya və Fransa prezidentləri Fransua Olland və Vladimir Putinin Yerevana səfəri də bu qəbildən idi. Ümumiyyətlə, söhbət təkcə “soyqırımı” tədbirləri ətrafında yaranmış rezonansdan deyil, mövcud resurslardan informasiya müharibəsi şəraitində uzaqgörənliklə istifadə etməkdən gedir. 10 milyon erməni öz “həqiqətlərini” dünyaya yeridə bilirlər və bu işdə onların xaricdə yaşayan məşhurları - biznesmenləri, idmançıları və incəsənət xadimləri hamılıqla iştirak edir.

Maraqlıdır, sayı dünyada 50 milyonu aşan azərbaycanlılar informasiya müharibəsində necə iştirak edir? Azərbaycanın dünyaca məşhur yetirmələri tariximizlə bağlı həqiqətləri dünyaya necə çatdırır?

Çətin də olsa, etiraf etmək lazımdır ki, bu sualın cavabı ürəkaçan olmayacaq.

Dünyada yaşayan azərbaycanlı məşhurların fəaliyyətinə nəzər saldıqda, onların Azərbaycanla, Dağlıq Qarabağın işğalı və 1 milyon qaçqının hüquqlarının qoruması ilə bağlı hər hansı bir açıqlama, çağırış etmədikləri, əməli tədbir görmədikləri aydın olacaq. Halbuki, milyonlarla izləyicisi, yaşadığı ölkədə müəyyən çəkisi olan bu şəxslərə tarixi vətənlərinə yardım göstərə bilərdilər.

Məsələn, 2014-cü ildə “Forbes” jurnalının yaydığı məlumata görə, 13,6 milyard dollar sərvətə malik Vahid Ələkbərov Azərbaycanın müstəqillik qazandığı 1991-ci ildən doğulduğu vətəninə əsaslı yardım etməyib. Söhbət maliyyə yardımından, xeyriyyə aksiyasından, yaxud dəyəri əskinasla ölçüləcək digər kommersiya proqramlarından getmir. “Rusiyanın ən böyük neft şirkəti – “LUKoyl”un sahibi federal telekanallara verdiyi çoxsaylı müsahibələrində, çıxış etdiyi konfranslarda Azərbaycan problemlərini qabartmayıb. Əksinə, o burada yalnız Xəzər nefti ilə bağlı kommersiya müqavilələri imzalayıb.

Erməni icmasında müşahidə olunan həmrəylik və vətənpərvərlik coşqunluğu Vahid Ələkbərovun və onun kimi adı Rusiyanın ən zənginləri arasında olan digər 7 Azərbaycan mənşəli milyarderdə də müşahidə olunmur. Bu həmrəylik təkcə, biznesmen yox, həm də incəsənət, idman sahələrində uğur qazanan soydaşlarımızda yoxdur, olsa belə, istənilən səviyyədə deyil.

Rusiya ermənilərinin “erməni soyqırımı” ilə bağlı təbliğatları, Qarabağ müharibəsi zamanı öz işğalçılıqlarını “özünümüdafiə” ilə pərdələmə cəhdləri “həqiqət pərdəsi” altında rus izləyicisinin beyninə yeridilir və mediada uğurla piar olunur. Qeyri-rəsmi olaraq sayı 2 milyona çatan Rusiya azərbaycanlıları Rusiyanın media məkanında aktiv olmaqları bir kənara, federal səviyyədə gücə çevriləcək güclü təşkilatlanma strukturuna belə, malik deyil. Məhz təşkilatlanmanın, həmrəyliyin olmaması haqlı tərəfin - Azərbaycanın səsinin eşidilməməsinə səbəb olur.
 
Azərbaycan diasporunun sayca ermənilərdən qat-qat az olduğu Avropa və ABŞ-da isə “erməni yalanları ilə mübarizə daha çətin keçir. Bu səbəbdən də əksər ölkələrdə erməni yalanları ilə mübarizə, Qarabağ həqiqətlərinin dünya çatdırılması işi ilə yerli icmalar, onların zəngin azərbaycanlı üzvləri deyil, Azərbaycan dövləti məşğul olur. Bu isə yerlərdə effektiv nəticənin əldə olunmasına əngəl yaradır. Buna görə dünyada yaşayan azərbaycanlılar təşkilatlanmalı, Azərbaycanın təcavüzə uğraması və Qarabağda baş verənlərlə bağlı istənilən kütləvi tədbirlərdə, platformalarda çıxış etməlidirlər. Əks halda, dünya həmişə 24 aprel tarixini 26 fevraldan və 31 martdan üstün tutacaq.

Vüqar İsmayılov    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə