Beynəlxalq məhkəmə 2008-ci ildə həbsi barədə order versə də, Ömər əl-Bəşir yenidən Sudanın prezidenti seçilib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölkənin Mərkəzi Seçki Komissiyası Bəşirin seçicilərin 94,5 faizinin səsini qazandığını elan edib. Əvvəlcə seçkilərdə iştirak etmək niyyətində olmadığını bəyan edən prezident seçkiqabağı kampaniyasını təşkil etməyib.
Sonradan əl-Bəşir qeyd edib ki, onun vəzifədən gedəcəyi təqdirdə Sudan xaricdəki ekstremistlərin sığınacaq yerinə çevrilə bilər. Müxalifət isə onu KİV-ə və vətəndaş cəmiyyətinə qarşı repressiyalarda günahlandırıb.
Ömər Həsən Əhməd əl-Bəşir 1989-cu ildən fasiləsiz olaraq Sudana rəhbərlik edir. Əl-Bəşirin rəhbərliyi dövründə gedən vətəndaş müharibəsi nəticəsində cənub əyalətləri ayrılaraq Cənubi Sudan dövləti yaranıb və Darfuredə yeni vətəndaş müharibəsi başlayıb.
2008-ci ildə Beynəlxalq məhkəmə əl-Bəşiri soyqırımında ittiham edərək həbsinə order verib. Prezident məhkəmədə iştirakdan imtina edib.
Modern.az