Bir neçə aydır universitetlərdə tələbələrə təqaüdlərin vaxtında verilmədiyi barədə məlumatlar yayılıb. Bu iddiaların doğru olub-olmadığını öyrənmək üçün Modern.az saytı bir sıra dövlət universiteti ilə əlaqə saxlayıb.
Bakı Dövlət Universitetinin rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov:
“İlin əvvəlində texniki səbəblərə görə geçikmələr ola bilər. Bu da ümumi vəsaitin keçməsi ilə bağlı olur. Amma ondan sonra heç bir geçikmə halları baş vermir. Tələbələrin təqaüdləri hər ayın 10-na kimi verilir. Bu məsələ ilə bağlı hazırda heç bir problem yoxdur”.
Azərbaycan Dövlət Neft Akademiyasının mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlı:
“Akademiyada təqaüdlərin verilməsində geçikmə ilə bağlı hər hansı problem yoxdur”.
Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova:
“Son vaxtlar təqaüdlərin verilməsində geçikmə olmayıb. Tələbələrə təqaüdlər hər ayın 27-29-u arası verilir. Hələ ki elə bir problemimiz yoxdur”.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova:
“Universitetimizdə təqaüdlər vaxt-vaxtında verilir. Bizdə geçikmə ilə bağlı elə bir problem yoxdur”.
Slavyan Universitetinin mətbuat katibinin rəhbəri Adil Əliyev:
“Tələbələrə təqaüdlərin verilməsində geçikmələr olmayıb. Hər şey öz qaydasında gedir”.
Sevinc Yasinqızı