“Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Qoşulmama Hərəkatının üzvüdür”.
APA-nın məlumatına görə, bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə Azərbaycan 155 ölkə tərəfindən dəstəklənib: “Bu göstərir ki, Azərbaycan dünyada dəstəklənir. Təəssüf ki, beynəlxalq hüquq zəif ölkələrin maraqlarına xidmət etmir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi dərhal icra olunur, bəzi qətnamələrin icrası isə illərlə çəkir. Yəni bəzi dairələrin öz maraqları var. Beləliklə, ikili standartlar qaydaya çevrilir”.
İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyatın inkişafına mane olsa da, Azərbaycan müstəqillik illərində iqtisadiyyatını inkişaf etdirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı neftdən 30 faiz asılıdır: “Azərbaycan sərmayələrə açıq dövlətdir. Son illər ölkəyə 70 milyard dollara qədər vəsait yatırılıb. Biz rəqabətə davamlılıq baxımından dünyada 30-cu yerdəyik. Biz demək olar ki, işsizliyi aradan qaldıra bilmişik, işsizlik 5 faizə enib. Yoxsulluq da 49 faizdən 5 faizə enib. Enerji resurslarından əldə edilən gəlirlərdə, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq öz rolunu oynayır. Hökumətimiz texnologiyalar, kənd təsərrüfatını inkişaf etdirir. Azərbaycanın iki peyki var, kosmik sənaye inkişaf edir”.
Prezident bəyan edib ki, islahatlar heç vaxt dayandırılmayacaq: “Əlimizdən gələni etməliyik ki, dövlətçiliyimizi gücləndirək. Dövlət iqtisadi baxımdan zəifdirsə, təsir altına düşürsünüz. Azərbaycan xarici təsirlərdən özünü müdafiə edir. Bu gün biz müstəqilik və müstəqilliyimizi müdafiə etməliyik. Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır”.
İlham Əliyev: “Azərbaycan beynəlxalq hüququn kobud surətdə pozulmasından əziyyət çəkir, tarixi torpaqlarımız işğal olunub. Uzun illərdir ki, 1 milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkündür, Xocalı soyqırımına məruz qalmışıq”.
Dövlət başçısı bildirib ki, BMT sənədlərində və ATƏT-in Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi əsas götürülüb: “Sənədlərdə qeyd olunub ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmamalıdır. Aqressiv separatizm davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik. Azərbaycan qəti şəkildə münaqişənin BMT-nin qətnamələri, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının qərarları əsasında, ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır”.
Modern.az