Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.
Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə “Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan 2 nəfər dindirilib:
“Həmin şəxslər zərərçəkən kimi tanınmayıblar. Onlar bildirdilər ki, istintaqda olmayıblar, onlara, sadəcə məktub gəlib. Bu gün Abdulla müəllim kifayət qədər sakit dayandı, heç bir açıqlama vermədi.
Məhkəmədə bir gündə iki nəfər zərərçəkənin dindirilməsinə etirazımı bildirdim. İş üzrə 269 nəfər zərərçəkənin olduğunu nəzərə alsaq, deyə bilərik ki, məhkəmə sürətlə getmir. İstərdik ki, daha çox zərərçəkən və şahid dindirilsin, məhkəmə sürətli getsin. Bu, daha yaxşı olar. Növbəti məhkəmə aprelin 30-na təyin olundu”.
Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir.
İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.
Yeganə OQTAYQIZI