“Azəriqaz” İstehsalat Birliyinin iş qrafikində dəyişiklik edilib. “Azəriqaz” ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az saytına faktı təsdiq edib:
“1-ci Avropa Oyunları ilə əlaqədar mayın 1-dən iyulun 1-nə qədər iş saatı 7:30-dan 16:30-dək müəyyən edilib. İyul ayının 1-dən etibarən qurum əvvəlki iş qrafiki ilə çalışacaq”.
Nazirlər Kabineti bu ilin iyun ayında keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib. Baş nazir Artur Rasizadənin imzaladığı sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:
- işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;
- işçilərin 25 faizi üçün saai 9:00-dan saat 18:00-dək;
- işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək;
Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarda çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:
- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dak;
- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.
Gülşən RAUFQIZI