Ermənistan prezidenti Serj Sərkisyan bugünkü Türkiyə hökumətinin 1915-ci il hadisələrində heç bir günahının olmadığını bildirib.
Modern.az saytı xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Sərkisyanın fikrincə, indiki Türkiyə hökumətinin o vaxtkı hadisələrdə günahı yoxdur: “Ankaranı çiynindəki bu yükdən xilas olmağa dəvət edirik.
Rəcəb Tayyib Ərdoğanı Yerevana faciəni birlikdə xatırlamaq üçün dəvət etsəm də, onun gəlməyəcəyini bilirdim. Amma yenə də onu dəvət etməyi özümə borc bildim”.
ABŞ və İsrailin 1915-ci il hadisələri haqqında soyqırım ifadəsinin işlətməmələrinə münasibət bildirən Sərkisyan hər iki ölkəni tənqid edib:
“ABŞ və İsrail maraqlarına insani dəyərlərdən daha çox əhəmiyyət verir. Hər iki ölkə Türkiyədəki mənfəətləri səbəbi ilə Ankaranı qırmamaq üçün seçim edir”.
Sevinc Yasinqızı