“Maşın” realiti-şousu mayın 9-dan ANS telekanalında efirə çıxacaq
Bunu Modern.az saytına layihənin rəhbəri, tanınmış şoumen, əməkdar artist Murad Dadaşov deyib. O bildirib ki, şou mayın 9-dan hər gün saat 22.00-dan 00.00-yə qədər efirdə olacaq:“Bu il çox maraqlı şou və heyətlə efirə gələcəyik. İlk dəfə olaraq ANS kanalının efirində çıxacağıq. Şouda indiyə kimi ən yadda qalan 18 iştirakçı mübarizə edəcək.
Əgər hər gün bir nəfər şounu tərk eləsə, şou mayın 28-də bitəcək. Amma iştirakçılar daha dözümlü və iradəli ola bilər. Əksinə, iştirakçılar tez çıxsa, şou daha tez qurtara bilər. Ümidvaram ki, bu dəfəki şou çox maraqlı gecə nağılı olacaq.”.
Murad Dadaşov builki şouda uduşda olan maşının da fərqli olacağını deyib:
“Uduşda olan maşın “Opel”in ən bahalı və eksklüziv versiyası olan “Opel insignia” olacaq”. İndiyə kimi “Maşın” realiti-şousunun qalibləri arasında yumorist Müşfiq Şahverdiyev, aparıcı Turan İbrahimov, repçi Anar Nağılbaz, dicey Çina, meyxanaçı Sadıq Mustafayev, müğənnilər Könül Kərimova, Ülvi Cəfərov və başqaları olublar.
Sevinc Yasinqızı