“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan qeyri-hökumət təşkilatlarının üzvləri Tofiq Yaqublunun əfvi ilə əlaqədar cənab prezidentə hamıdan əvvəl müraciət edib”.
Bunu Modern.az saytına hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib:
“Düşünürəm ki, inşallah, Tofiq Yaqublu əfv olunacaq”.
“Həbsdə olan şəxs özü əfv olunması üçün Prezidentə ərizə ilə müraciət etməsə belə, əfvə düşə bilərmi” sualını digər hüquq müdafiəçisi Səidə Qocamanlı cavablandırıb. O qeyd edib ki, hər şey ola bilər: “Bu prezidentin səlahiyyətində olan məsələdir. Əlbəttə, hər şey ola bilər, bu mümkündür”.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O, 2013-cü il yanvarın 23-də və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilib. Məhkəmənin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bir neçə gün əvvəl Moskvanın Tomsk şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, qızının yas mərasimində iştirak etməsi üçün 7 gün müddətinə azadlığa buraxılıb. Hadisədən sonra bir çox təşkilatlar, siyasi partiyalar, həmçinin parlament üzvləri Tofiq Yaqublunun əfv olunması üçün Prezidentə müraciət ediblər.
Gülşən RAUFQIZI