Aprelin 30-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev, sektor müdiri Həsən Həsənli və informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov iştirak edib.
Konfransda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə müsabiqə, məktəblərin fənn olimpiadaları, Sabah qrupları üzrə müəssisələrinin təchizatı, birinci sinfə elektron qəbul, ibtidai sinif müəllimlərinin iştirak etdiyi “Təməl” proqramı və elektron dərsliklər sahəsində yeni layihələr barədə məlumat verilib. Gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində 2015-2016-cı tədris ili üçün müsabiqə elan olunub.
Həsən Həsənli dövlət proqramının ilkin mərhələsi barədə məlumat verib. O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üçün proqram çərçivəsində son müsabiqə elan olunub: “Artıq aprelin 15-dən etibarən sənədləri təqdim etməyə başlamışıq. Ötən il dövlət proqramı çərçivəsində 573 gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu il tələbələrin sayının artacağını gözləyirik. Bu il dövlət proqramı çərçivəsində üstünlüyü bakalavr təhsil pillələrində oxuyan tələbələrə verməyi düşünürük. Bu il yeniliklərdən biri də prioritet ixtisasların iki dərəcə üzrə bölünməsidir. Birinci dərəcəli prioritet ixtisas istiqamətlərinə baytarlıq, biologiya, fizika, kənd təsərrüfatı, tibb və yüksək texnologiyalar daxildir. İkinci dərəcəli prioritet ixtisas istiqamətlərinə iqtisadiyyat, mədəniyyət və incəsənət, turizm, təhsilin inkişafı və sair kimi ixtisaslar daxildir.
Dövlət proqramının son müsabiqəsinə sənədlərin qəbulu iyulun 15-nə qədər davam edəcək”.
Cəsarət Valehov Sabah qruplarına builki qəbulla bağlı məlumat verib. Bildirib ki, bu il Sabah qruplarına 1630 nəfər imtahan mərhələsində iştirak edib: “Onların 1277 nəfəri müsahibə mərhələsinə buraxılıb. Bu il 65 ixtisas üzrə Sabah qruplarına qəbul həyata keçirilməsi planlaşdırılır. İlk dəfə olaraq bu il mədəniyyət və incəsənət ixtisası üzrə Sabah qruplarına qəbul həyata keçiriləcək. Həmin ixtisas qrupuna dekorativ incəsənət, instrumental ifaçılıq, aktyor və rejissorluq ixtisasları daxildir”.
Emin Əmirullayev fənn olimpiadaları ilə bağlı geniş açıqlama verib. Onun sözlərinə görə, bu il olimpiadalar müstəqillik tariximizdə çox fərqli formatda təşkil olunub: “Nəticələr onu deməyə əsas verir ki, builki yanaşma doğrudur. Belə ki, medal alan şagirdlərimiz Azərbaycanın 34 müxtəlif bölgəsini təmsil edir və 237 şagird medalla təltif olunub. Bu şagirdlərin müxtəlif regionlar üzrə paylanması olduqca sevindirici haldır. Bu onu göstərir ki, istedadlı şagirdlər regionlarda vaxtında və düzgün müəyyənləşdirilib. Onların həvəsləndirilməsi , mükafatlandırılıb üzə çıxarılması düzgün həyata keçirilib.
Artıq komandalarımız beynəlxalq olimpiadalara hazırlıqlara başlayıb. Bizim 6 nəfərdən ibarət beynəlxalq riyaziyyat komandası bu şənbə Balkan olimpiadasında iştirak etmək üçün Afina şəhərinə yola düşür. Ümidvarıq ki, şagirdlərimiz bu olimpiadada yüksək nəticə əldə edəcəklər”.
Yeganə OQTAYQIZI