Modern.az

“Həmsədrlərin Qarabağdakı qondarma seçkiyə etiraz etməməsi Ermənistanı arxayınlaşdırır”

“Həmsədrlərin Qarabağdakı qondarma seçkiyə etiraz etməməsi Ermənistanı arxayınlaşdırır”

Təhsil

1 May 2015, 15:20

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Fransanın paytaxtı Parisdə ayrı-ayrılıqda Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşüblər.   Bununla belə, bu görüşdən sonra həmsədrlər Azərbaycanın işğal atındakı torpaqlarında yaradılan separatçı Dağlıq Qarabağ “respublikası”nda mayın 3-də keçiriləcək qondarma parlament seçkilərini pisləyən bəyanat verməyiblər.  

Məsələ ilə bağlı Modern.az saytına danışan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov bildirib ki, Fransa prezidenti Fransua Ollandın Ermənistana və Azərbaycana səfərindən sonra həmsədrlərin fəallığı artıb:  

“Həmsədrlər hiss edirlər ki, münaqişənin müharibəyə çevrilməsi potensialı olduqca böyükdür.Onlar anlayır ki, təkcə bəyanatlar verməklə vəziyyəti sabit saxlamaq mümkün deyil. Buna görə də ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş təşkil etdilər”.  

Ekspertin fikrincə, həmsədrlərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nail olmaqdır. Dağlıq Qarabağdakı separatçı rejimdə keçiriləcək “parlament seçkiləri”nə gəlincə, politoloq qeyd edib ki, həmsədrlərin bununla bağlı xüsusi yanaşması diqqəti cəlb etmir.  

Elman Nəsirovun sözlərinə görə, Minsk qrupunun həmsədrləri köhnə ampluasına sadiq qalacaq:  

“Yəni Qarabağdakı əvvəlki “seçkilər”də də Minsk qrupu həmsədrləri bunun nəticələrini tanımadıqlarını bəyan ediblər. Onlar, ümumiyyətlə, qondarma respublikanın özünü tanımırlar. Hesab edirəm ki, onlar cəmiyyətə belə bir ismarıc göndərirlər ki, onsuz da mövqeləri bəllidir. Onsuz da bu “seçkilər”in nəticələrini beynəlxalq birlik də tanımır. Ancaq bununla belə, həmsədrlər qondarma seçki öncəsi mövqelərini təkrar da olsa, bəyan etməli idilər. Bu olmadığına görə Ermənistanda da bir arxayınlıq yaranır. Reallıq bundan ibarətdir”.

Politoloq ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla keçirdikləri görüşlərinin nəticəsi barədə səsləndirdiyi fikrə də münasibət bildirib.   Elman Nəsirovun sözlərinə görə, qarşıdakı aylarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi elə də aktual məsələ deyil:   “Bu görüşün ən tezi sentyabrda olması haqqında məlumatlar var. Ancaq proseslər elə sürətlə gedir ki, görüşün daha erkən keçirilməsi ehtimalı da çoxdur.  

Görüşdə isə Azərbaycan tərəfi həmişəki kimi öz prinsipial və haqlı mövqeyini ortaya qoyacaq. Azərbaycan danışıqlar xatirinə müzakirələrdə iştirak etmək istəmir. Rəsmi Bakı istəyir ki, danışıqlar konkret nəticəyə söykənsin”  

Amerikalı diplomat  Ceyms Uorlik həmsədrlərin Elmar Məmmədyarovla görüşündə Azərbaycan və Ermənistan rəhbərlərinin gələcək danışıqlarında müzakirə ediləcək məsələlər barədə fikir mübadiləsi apardıqlarını bildirib.    

Aqşin Kərimov        

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə