Modern.az

Tarix yazan yarışlar

Tarix yazan yarışlar

Təhsil

4 May 2015, 13:04



Aprelin 26-da Bakıda bu ilin iyun ayında keçiriləcək bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarının  təntənəli açılış mərasimi Prezident  İlham Əliyevin iştirakı ilə  baş tutdu. Bununla da Bakı - 2015, Birinci Avropa Oyunları alovunun ölkə boyunca səyahətinə start verildi. Tarixdə  ilk dəfə  təşkil  olunacaq  bu  oyunların Azərbaycana  həvalə olunması  ölkəmizə  yüksək inam  və etibarın,  dövlət  başçısı İlham Əliyev  cənablarının ölkədə idmana olan böyük  qayğısının  xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilməsinin parlaq  nümunəsidir. Bakıda  keçiriləcək bu oyunlar Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümumafrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları keçiriləcək. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla cəmi 20 idman növünün təmsil olunması  nəzərdə  tutulur. Bakıda  keçirilən  bu  yarışlarda ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq.

Olimpiya  məşəlinin  yandırılması  tarixən mif  kimi  dolaşan, sirli-sehrli  bir  ənənədir. Azərbaycan təbiətinin, mədəniyyətinin və irsinin təntənəli bayramında məşəl ölkənin hər bir yerinə səyahət edəcək. Qürürvericidir ki, bu cür möhtəbər yarışa ev sahibliyi etmək məhz mənim Vətənimin payına düşüb. Bu həm də Azərbaycan gəncləri üçün böyük təcrübədir. Bu oyunlarda könüllü tələbələrin iştirakı onların gələcək perspektivləri üçün böyük tramplindir. Səmimi könüllünün iştirakı olmadan Avropa Oyunlarını təsəvvür etmək çətindir. Könüllülər oyunların güzgüsü,  həm də şəhərə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edən şəxslərdir. Bu kimi böyük ölçülü və iri həcmli bir tədbirin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi və ya media üzvlərinə, eləcə də fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün  könüllülərə  böyük ehtiyac hər  zaman duyulur.

Könüllülər yeni təcrübə, qabiliyyət və bacarıq əldə etmək, yeni dostlar, yeni biliklər qazanmaq istəyən gənclər və özünü gənc hiss  edən insanlardır. Azərbaycan  bu masştabda  bir  idman  yarışına  ilk dəfə ev sahibliyi etdiyi üçün könüllülərin hər biri bu tarixin yazılmasına köməklik göstərməlidir.

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları olduqca böyük tarixi əhəmiyyət daşıyır. Bu oyunların vacib hissəsindən biri kimi könüllülərin işi qeyd  olunmalıdır. Belə tədbirlərdə gənclərin və tələbələrin xüsusi yeri var. Dünyanın müxtəlif ölkələrində böyük miqyaslı tədbirlər keçirilərkən tələbə könüllülərin cəlb olunması işin koordinasıyasında  xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət gənclərimizin ictimai maraqlarına xidmət etməklə bərabər, onların  öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmalarına şərait yaradır. Ölkəmizdə də mütəmadi olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi var. Bu təcrübəyə misal olaraq “Avroviziya” musiqi yarışması  zamanı da fəal könüllülərimizin xüsusi  xidmətləri  vardı.  I Avropa Oyunları zamanı da bu təcrübədən yararlanmaq zəruridir. Gənclərin bu yöndə iştirakına maraq genişdir.  Könüllü olacaq tələbələr müvafiq təlimlər keçir, tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti qruplara bölünürlər. Mən  könüllülük  aksiyasını   həm də gənclərimizin  gələcək həyata və fəaliyyət prinsiplərinə  hazırlıqları  üçün bir məktəb kimi dəyərləndirirəm.

Mən hətta belə bir  təklif vermək istəyirəm. Ənənəyə  görə  Olimpiya məşəli bütün  dövrlərdə Yunanıstanın  Afina  şəhəri  yaxınlığında  yerləşən Olimpiya Məbədindən götürülür. Bundan sonra Avropa Oyunlarının məşəlinin alovu da hər dəfə Azərbaycandan - Atəşgahdan götürülsün. Mən bu təklif dəyərləndirilərsə, bunun ölkəmizin dünyada tanınması baxımından çox əhəmiyyətli olacağını  düşünürəm.

Sonda  onu  da  vurğulamaq  istəyirəm ki,  I Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə oyunların yüksək  səviyyədə  təşkili  və  keçirilməsi  üçün  fasiləsiz  olaraq  çalışır.

Artıq I Avropa  Oyunları  möhtəşəm bir  tarix yazmağa  başlayıb.  Bu tarix  ölkəmizin dünyaya  bəxş etdiyi ən mühüm  məqamlardan, anlardan olacaq.  Bu tarix Azərbaycanı dünyaya, dünyanı Azərbaycana daha da  yaxınlaşdıracaq.  Biz bu tarixə inanırıq və onunla  qürur  duyuruq. Əminliklə  bildirirəm ki,  ulu öndər  Heydər  Əliyevin müdrik  siyasi kursunun, ölkə Prezidenti İlham Əliyevin  əzmkar  fəaliyyətinin nəticəsi  olaraq  ölkəmizdə  reallaşacaq  bu yarış müasir  Azərbaycanın  tarixində bir misilsiz  simvol olacaq.  Buna hər bir Qusar sakini kimi mən də bütün varlığımla inanıram. 

Jalə ƏMİRBƏYOVA,
Qusar rayonu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat