Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktiki konfransı öz işinə başlayıb. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfransın həm universitet, eyni zamanda orta məktəblər üçün vacib olduğunu bildirib. O, “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda keçirilən konfransı universitetin illik hesabatı adlandıraraq bunun artıq bir ənənəyə çevrildiyini sözlərinə əlavə edbi və konfransın materiallarının kitab şəklində nəşr olunduğunu vurğulayıb. Rektor universitetin orta məktəblərlə əlaqələr qurduğunu, pedaqoji təcrübəyə yeniliklər gətirdiyini qeyd edib. Elmin ümumbəşəri olduğunu deyən Səməd Seyidov universitetdə çalışan professor və müəllimlərin tədris prosesi zamanı həm özlərinin yeni metodlarından, eyni zamanda dünya universitetlərində olan yeniliklərdən istifadə etdiklərini vurğulayıb. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor Azərbaycan Dillər Universitetində Strasburq və Esseks universitetlərinin professor-müəllim heyətinin öz metodlarından istifadə edərək tələbələrə fənni tədris etdiklərini bildirib. ADU tələbələrinin xarici ölkələrdə təhsillərini davam etdirdiyini Səməd Seyidov universitet hesabına yeni tədris ilində 10 nəfər tələbənin Çin Xalq Respublikasında təhsil almağa göndəriləcəyini də sözlərinə əlavə edib.
İki gün davam edəcək konfransın plenar iclasında ADU-nun müəllimləri Xədicə Cəfərova “Xarici dillərin tədrisində innovativ metodlardan istifadə”, Aytac Məmmədova “Dildə “yalançı dostlar” problemi”, Gilə Hüseynli “Amerika postmodern ədəbiyyatında”, Sənubər Zeynalova “Xarici dillərin tədrisi zamanı metaforaların koqnitiv-sintaktik interpretasiyası” mövzularında məruzə ilə çıxış ediblər.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında konfrans iştirakçılarını tanış edib. O, bu il keçirilən konfransın əvvəlki illərdən fərqləndiyini bildirdi. Prorektor bu il orta məktəblərdən konfransda iştirak etmək üçün məqalələrin sayının artdığını, 20-dən çox ali təhsil ocağından tezislərin qəbul olunduğunu vurğulayıb.
Bununla da ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” Respublika konfransının plenar iclası başa çatıb.
Konfrans öz işini “Dilin dünya xəritəsində rolu”, “Formal və qeyri-formal təhsildə xarici dillərin tədrisinin aktual problemləri”, “İKT-nin xarici dillərin tədrisində rolu: üstünlüklər və çətinliklər”, “Xarici dillərin və ədəbiyyatın tədrisində innovativ metodlardan istifadə yolları” bölmələrində davam etdirir. Bölmələrdə ümumilikdə 140-a yaxın məruzə dinləniləcək və müzakirələr aparılacaq.
Modern.az