Modern.az

“Azərbaycanda siqaret istehsalı məhdudlaşdırılmalıdır” - Musa Quliyev

“Azərbaycanda siqaret istehsalı məhdudlaşdırılmalıdır” - Musa Quliyev

Təhsil

4 May 2015, 17:22

“İctimai yerlərdə siqaret çəkilməsinə qadağa ilə bağlı müəyyən addımlar atılmalıdır. Bunun üçün ilk növbədə Milli Məclisdə qapalı məkanlarda siqaret çəkilməsinin qarşısının alınması haqqında qanun qəbul olunmalı və müvafiq icra hakimiyyəti orqanları, yaxud konkret olaraq Nazirlər Kabineti mövcud siqaret istehlakı ilə bağlı qadağaların həyata keçirilməsi mexanizmini hazırlamalıdır”.

Bunu Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda siqaret istehsalı və istehlakının məhdudlaşdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, məsələ parlamentdə qaldırılsa da, hələlik cəmiyyətin buna hazır olmaması, icra mexanizminin tam işlənməməsi səbəbindən Milli Məclis rəhbərliyi məsələnin gündəliyə salınmasını tövsiyə etməyib:

“Bu qanun qəbul olunmasa belə, mövcud qanun imkan verir ki, Azərbaycanda siqaret istehlakının müəyyən məkanlarda qadağan olunmasını tənzimləmək mümkün olsun. 2001-ci ildə qəbul olunmuş “Tütün və tütün məhsulları haqqında” qanunun 4-cü fəslində siqaret çəkilməsinin qadağan olunması, məhdudlaşdırılması, satışına və reklamına qoyulan tələblər müəyyənləşir. Bu qanuna görə, 18 yaşına çatmayan şəxslərə siqaret satılması, eyni zamanda siqaretin ədədlə, uşaq müəssisələrinin yaxınlığında satılması qadağan olunur və buna görə müəyyən cərimələr nəzərdə tutulub.

Bundan başqa, prezident sərəncamı ilə İçərişəhər ərazisində, Milli Məclisin başqa bir qanunu ilə ictimai nəqliyyatda siqaret çəkilməsi qadağan edilib”.

Deputat bildirib ki, cərimələr var, amma icra mexanizmi işləmir: “Kim bu qadağaları həyata keçirməli, cərimələri kim yığmalıdır kimi məsələlər həll edilməyib. Eyni zamanda mövcud cərimələrin məbləği də çox aşağıdır. Bütün bunları Nazirlər Kabineti nəzərə almalıdır”.

Musa Quliyev həkimlərin siqaret çəkməsinin dəhşətli fakt olduğunu vurğulayıb: “Əslində, mövcud qanun təhsil müəssisələrində, orta məktəblərdə, universitetlərdə siqaret çəkilməsini qadağan edir, amma ən dəhşətlisi müəllimlərin, şagirdlərin məktəblərdə, Tibb Universitetində tələbələrin, həkimlərin siqaret çəkməsidir. Bunlar olmamalıdır.

Düşünürəm ki, yeni qanunun qəbuluna ehtiyac var. Siqaretlə bağlı yeni qanunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan tütünsüz məkana çevrilsin. Uşaqlar gözünü açanda siqaret tüstüsü ilə rastlaşmasın. Bu mənada təbliğat xarakterli, maarifləndirici tədbirlər həyata keçirilməli, tütünün zərərləri haqqında mütəmadi olaraq insanlara məlumat verilməlidir. Düşünürəm ki, qadağalar hər şeyi həll etmir. Ona görə ki, öyrəşəndən sonra qadağalar çox da effektli olmur. Əsas odur ki, uşağın, yeniyetmənin tüstü ilə təmasının qarşısı alınsın ki, o, tütünü heç tanımasın. Tanısa, belə zərərli vasitə kimi bilsin”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat