Təhsil naziri Mikayıl Cabbarov mayın 7-də Böyük Vətən Müharibəsində iştirak etmiş veteranlarla görüşüb.
Modern.az-ın məlumatına görə, bu görüş Milli Qəhrəman Tahir Həsənovun adını daşıyan 23 nömrəli məktəbdə baş tutub.
Qeyd edək ki, görüşdə iştirak edən veteranlar vaxtilə müxtəlif təhsil müəssisələrində çalışmış müəllimlərdir.
Müharibə iştirakçılarını qələbənin 70 illiyi münasibəti ilə təbrik edən nazir bildirib ki, təhsil siyasətində şagirdlərə Böyük Vətən Müharibəsi haqqında mütəmadi olaraq məlumat verilir, veteranların fəaliyyəti məktəblərdə tədris olunur: “Bütün gənc nəsil sizə minnətdardır ki, bu böyük qələbəni bizə bəxş etmisiniz. Sizin hər biriniz Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verən insanlarsınız. Sevindirici haldır ki, gənc nəsil sizin xidmətlərinizi yüksək qiymətləndirir, tarixi xidmətlərinizə böyük ehtiramla yanaşırlar. Bu o deməkdir ki, Azərbaycan xalqı sizləri hər zaman əziz tutacaq, insanlar sizi öz xatirələrində hər zaman yaşadacaqlar”.
Görüşdə iştirak edən 100 yaşlı müharibə veteranı, akademik İsmayıl İbrahimov, veteranlar Ulduz Kəngərli, Məhəmməd Hüseynov, İbrahim Mayılov və başqaları müharibə haqqında xatirələrini bölüşüb, pedaqoji fəaliyyətləri barədə məlumat veriblər.