Modern.az

Veteran qadın

Veteran qadın

Təhsil

8 May 2015, 16:06

Sənubər Abdulla qızı,

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin,

Türk xalqları tarixi kafedrasının dosenti

Mən ilk sətirlərimi anamın öz xatirələrindən bizə danışdıqları ilə başlayıram:   “ Çox gənc idim, uşaqlar körpə idi. Oğulların, kişilərin çoxu müharibəyə getmişdir. Biz isə arxa cəbhədə əsgərlərə kömək etmək üçün əlimizdən gələn köməyi əsirgəməzdik. Biz od – alov içərisində olmasaq da, ac – susuz qalmasaq da, lakin nə tikəmizin dadı var idi, nə də qəlbimizin yanğısını heç kəs söndürə bilməzdi. Bütün fikrimiz yalnız müharibədə, əsgər oğullarımızın yanında idi. Lakin hər səhər, hər gecə duamız bu idi: “ İlahi, sən özün  Vətən oğullarını qoru, İlahi, onların xoş sədalarını bizə tezliklə çatdır.”

Yola salır oğulları,

Cəbhəyə türk anaları,

Keç canından Vətən üçün

Deyir ana duaları.

Allah sizə yar olsun,

Düşmənimiz xar olsun,

Qoruyun bu torpağı

Hər qarışı var olsun.

Mənə belə gəlir ki  bu dualar anaların fəryadı, çağırışı idi.

Həqiqətən Böyük Vətən müharibəsi tarixin ən dəhşətli hadisələrindən, daha doğrusu, ən böyük faciələrindən biri idi. Bu faciələri yaşamaq Azərbaycan qadınlarının da payına düşmüşdür. Onlar öz ovladlarını döyüşə yola salsalar da, ürək yanğılarını gizlədərək Vətən uğrunda, onun azadlığı uğrunda çalışaraq fədakar oğullarımızı əvəz etdilər.

Doğma yurdlarından, obalarından gələn hər bir məktub, paltar, isti corab, isti kürk və s. oğullarımızın ürəyinə böyük təpər idi, onları qələbələrə səsləyirdi. Lakin müharibənin başlandığı ilk gündən minlərlə qeyrətli azərbaycanlı qızları da cəbhədə öz hünərlərini rəşadətlə göstərmiş və tarixdə silinməz iz qoymuşlar. Belə fədakar döyüşçü qadınlarımızın arasında Züleyxa Seyidməmmədova, Ziba Qəniyeva, Qumru Teymurova, Sara Məmmədova, Şövkət Səlimova, Leyla Məmmədbəyova, Nadejda Güləhmədova, Fəridə Vəzirova, Tahirə Fəttahova, Dürrə Məmmədova, Züleyxa Süleymanova, Sona Ağayeva və başqalarının adları tarixin silinməz yaddaşına yazıldı. Bu qızları çoxu həyatın gözəl nemətlərindən məhrum oldular, onların sevgi məktubları cavabsız qaldı, qucaqlarına körpə bala almayıb ana hissəlrindən məhrum oldular. Lakin xalqı, vətəni uğrunda canlarından keçən qızlarımız Vətən tərəfindən yüksək mükafatlarla qiymətləndirildilər.

Sağ qalan qızlarımız isə müharibənin bütün sınaqlarından çıxaraq doğma ellərinə döndülər və şəhid oğulların qanını yerdə qoymamaq üçün öz cəsarətlərini həyatın bütün sahələrində sınamağa başladılar. Onların içərisində qəmli talelərini unudub gələcək naminə vicdanla, qeyrətlə çalışan həkimlər, mühəndislər, müəllimlər, bəstəkarlar, neftçilər də var idi.

Bu qadınların haqqında çox böyük dastanlar qələmə almaq olar. Onların xatirəsini əziz tutaraq, qəhrəman adlarını gələcək nəslin yaddaşına əbədi yazacağıq. Müharibənin o qanlı, dəhşətli, ac-susuz günlərindən bizə yadigar qalan Veteranlarımızın isə qarşısında ehtiramla baş əyirik.

Ulu Öndərimiz Heydər Əliyev müharibə və əmək veteranlarına həmişə böyük qayğı göstərərək demişdir: «Vətənin müdafiəsində iştirak etmiş və qəhrəmanlıq, şücaət göstərmiş insanların hamısı cəmiyyətimizin diqqət mərkəzində olmalıdır, dövlət orqanları onlara qayğı göstərməlidir…»

Doğrudan da onlar bizim keçmiş tariximizin canlı şahidləridir. Bu cəsur, yenilməz, mətin, sədaqətli qadınlar haqqında ürəyimdən keçən dərin hisslərimi kiçik şerimdə qələmə almağı özümə borc bildim:

VETERAN QADIN 

Veteran qadın!

Necə də dahidir sənin bu adın.

Qarşında baş əyib and içirik biz,

Vətən şərəfimiz, son nəfəsimiz.

Veteran qadın!

İgid şəhidlərlə qana boyandın.

Əsgər oğullarla sən bir cərgədə,

Vuruşdun qeyrətlə, zəfər qəlbində.

Od, alov içindən sən çıxa-çıxa,

Düşmənə dişini sən sıxa-sıxa,

Vətən arzusuyla getdin irəli,

Azadlıq naminə saydın illəri.

Günlərlə çörəksiz, susuz qaldın sən,

Bir parça tikəyə möhtac oldun sən.

Çörəyin oldu torpaq, suyun göz yaşı,

Unutdun ananı, bacı, qardaşı.

Tək arzun düşmənə qələbə çalmaq,

Onun hər izini qanla suvarmaq.

Bu idi amalın, ey igid qadın,

Yazıldı tarixə əbədi adın.

Fəxr edir səninlə Azərbaycanım,

Qeyrətli qızısan sən bu toprağın.

Tarixə bir möhür vurdun əlinlə

Azadlıq bayrağın qaldırdın göyə!

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?