Hadi Rəcəbli,
Milli Məclisin Sosial siyasət komitəsinin sədri
İyirminci əsrin ikinci yarısında bir qərinədən çox Azərbaycana rəhbərlik edən, ölkənin iqtisadi inkişafına nail olaraq xalqın özünüdərkində çox böyük xidmətlər göstərən, mənalı ömrünün hər anı xalqına, Vətəninə bağlı olan ümümmilli lider Heydər Əliyev Azərbaycanın siyasi tarixində əbədi yaşayan əvəzsiz bir şəxsiyyətdir. ONUN fəaliyyətinin əsas qayəsini xalqımızın taleyüklü problemlərinin həlli istiqamətində həyata keçirdiyi ardıcıl və səmərəli siyasət təşkil edib. Bu dahi şəxsiyyətin rəhbər kimi titanik xidmətləri təkcə öz xalqı tərəfindən deyil, həm də dünyanın ən nüfuzlu siyasi xadimləri tərəfindən etiraf edilib. Onun ömrü xalqımızın ömrü kimi əbədidir. Nə qədər ki, Azərbaycan var, öz böyük mənalı varlığı ilə xalqa ölməzlik ruhu bağışlayan Heydər Əliyev də olacaq.
Tarix yarada-yarada özü də tarixləşən ümummilli liderimiz Heydər Əliyev dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət basçısı kimi bütün həyatını canından artıq sevdiyi xalqının xosbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi o, quruculuq salnaməmizin şanlı səhifələrini yaradıb və müasir tariximizin bütöv bir epoxası - 34 il bu müdrik insanın adı və fəaliyyəti ilə bağlıdır.
Bu gün respublikamızda elə bir sahə yoxdur ki, orada Heydər Əliyev zəkasından irəli gələn müvəffəqiyyətlər hiss olunmasın. Bu böyük şəxsiyyət həm də ayrıca bir məktəb idi. Bu məktəbin yetirmələrinin böyük bir hissəsi bu gün də ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi naminə öz bilik və bacarıqlarını əsirgəmədən inamla çalışır. Heydər Əliyev məktəbinin minlərlə yetirmələrindən biri də bu sətirlərin müəllifidir. Hələ gənclik illərindən başlayaraq həmişə ona oxşamağa çalısmışam, ondan öyrənmişəm, onun qayğı və diqqətini hiss etmişəm. Bir rəhbər işçi kimi yetişməyimdə bu dahi şəxsiyyətin danılmaz rolu olubdur.
İnsan sərrafı
İlk dəfə 1972-ci il iyulun 4-də Heydər Əliyevin qəbulunda oldum. Bu ilk görüş məndə həyat fəaliyyətimin istiqamətini birdəfəlik müəyyən edən çox böyük bir təəssürat yaratdı. Kasıb bir ailənin övladı, vəzifədə heç bir qohumu olmayan, 24 yaşında bir gənc Lənkəran Şəhər Komsomol Komitəsinin birinci katibliyinə tövsiyə olunmusdu. Yüksək vəzifəyə təyinatımın sevinci nə qədər böyük olsa da, məni valeh edən heyrətli və ibrətamiz təəssürat Heydər Əliyev şəxsiyyətinin ecazkarlığı idi. Düzü, əvvəlcə həmin qəbulun rəsmi, quru bir görüş olacağını düşünürdüm, lakin canlı, hətta doğma və sərbəst mühitdə keçən bir söhbətin şahidi oldum. Qəbulunda olan şəxslərlə, xüsusilə də gənclərlə görüşlərdə, respublika rəhbəri vəzifəsinin ümumi xarakterik aurasından doğan sıxıntını dəf etmək, söhbəti sərbəst, lakin çox məhsuldar və işgüzar məcraya yönəltmək bacarığı onun nə qədər dərin psixoloji istedada malik olduğunun nümunəsi idi. O görüşdə mənə verilən tövsiyələr, Ulu Öndərin onun yaratdığı şərait, mənim onunla fikir mübadiləsi imkanlarım Heydər Əliyev məktəbinin elə birinci dərsi idi. Bu dərslər-istər onunla sonradan dəfələrlə şəxsi görüslərim, istər qurultay, plenum və konfranslardakı çıxısları, istərsə də verdiyi göstərişlər ömrüm boyu davam edən ibrətamiz həyat universiteti oldu.
Sonradan Bakı Ali Partiya Məktəbində oxumaq arzum da həyata keçdi və mən qrup nümayəndəsi seçildiyim məktəbi fərqlənmə diplomu ilə bitirdim. Təyinatımı Azərbaycan KP MK-nın orqanı olan “Bakinski raboçi” qəzetinə verdilər. Qəzet rus dilində nəşr olunduğundan həm Moskvada, həm də Azərbaycanın siyasi elitasında diqqətlə oxunur, yazılara o dəqiqə münasibət bildirilirdi. Burada çalışdığım iki il ərzində hər gün, hər an Ulu Öndərin sanki yazdıqlarımı sətir-sətir oxuduğunu, mənimlə daim maraqlandığını güman edir və üzərimdə çox böyük məsuliyyət hiss edirdim. Mənim üçün virtual olan bu gündəlik görüşlər və nəzarət, nəhayət, 1980-ci ilin avqust ayında yenə də gerçəkliyə çevrildi.
Düzlük və mənəvi saflıq simvolu
1980-ci ilin ortaları idi. Lənkəran Şəhər İcraiyyə Komitəsi sədrliyinə namizəd axtarırdılar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev irəli sürülən kadrların sırasından məni seçmiş, mənim üzərimdə dayanmışdı. Görüş zamanı çox həyacanlı idim. Bu gərgin vəziyyətdən məni böyük dövlət xadimi Heydər Əliyev özü çıxardı. Məni unutmamışdı-mühəndis olduğumu, sənaye müəssisələrində, gənclər təşkilatında, mərkəzi mətbuatda çalışdığımı bilirdi. Səmimi və sakit axarda keçən söhbətin baş xəttində mənəvi saflıq, düzlük və halallıq dururdu. O söhbət həyatımın sonrakı mərhələlərində mənə həyat dərsi ooldu. Mən bir daha yəqin etdim ki, Ulu Öndərin tövsiyələrinə əməl edən insanlar, vəzifəli şəxslər, siyasi-ictimai qurumların başçıları daim xeyir görmüş, son nəticədə bütövlükdə cəmiyyət bundan faydalanmışdır.
Ötən əsrin 70-ci illəri Lənkəranın intibah dövrü idi. Rayonda tərəvəzçilik daha sürətlə inkişaf edirdi. El dili ilə desək, rayon Ümumittifaq bostanına çevrilmişdi. Şəhərə daim Moskvadan, dünyanın bir sıra ölkələrindən nümayəndələr gəlirdi. Biz, bu bölgədə çalışan bütün siyasətçilər, təsərrüfat basçıları, istehsalat adamları Heydər Əliyevin diqqət və qayğısını daim öz üzərimizdə hiss edirdik. Zəhmət, fədakarlıq, halallıq, mənəvi saflıq heç vaxt itmir, həmişə yüksək qiymətləndirilirdi.
1981-ci il dekabrın son günlərində məni Azərbaycan KP MK-ya, Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi aparatın ən məsul şöbəsinə - təşkilat-partiya işi şöbəsinə inspektor vəzifəsinə irəli çəkdilər. Şöbənin əməkdaşları rayonlardan Ulu Öndərin işgüzarlıq kriteriyalarına , iş prinsiplərinə cavab verən, zəhmətkeş ailələrdən çıxmış, halal, təşəbbüskar, zirək və ağıllı gənclərdən komplektləşdirilirdi. Burada sağlam, işgüzar və saf mənəvi mühit hökm sürürdü. Şöbənin Bakıda mənzili olmayan 7 əməkdaşı Ali Partiya Məktəbinin yataqxanasında yerləşdirilmişdi. Heydər Əliyev bizim rəhbərimiz, güvənc yerimiz idi.
Qayğıkeş rəhbər
Yataqxana həyatı ailəli, rayonlardan yüksək vəzifələrdən gəlmiş bizlər üçün nə qədər ağır olsa da, heç kəs sızıldamır, narazılıq etmirdi. Bu çətinliyin çox da uzun çəkməyəcəyinə hər birimiz inanırdıq, çünki yaxşı bilirdik ki, bizi MK aparatına, öz yanına Heydər Əliyev gətirib, özü seçib. MK-nın aparatında gecə-gündüz çalışırdıq, istirahət günü, vaxt məhdudiyyəti yox idi. Burada qaynar həyat, işgüzar mühit, yüksək intizam mövcud idi. İşçilərin böyük əksəriyyəti fədakar və yaradıcı əməyi ilə siyasi elitadan seçilirdi. Aparatın həmkarlar təşkilatı Heydər Əliyevin göstərişi ilə işçilərin ərzaq, gündəlik tələbat və geyim təchizatı, özünün və ailəsinin istirahət, müalicə qayğıları, mənzillə təmin olunması məsələlərini daim diqqət mərkəzində saxlayırdı.
1982-ci ildə ulu öndər Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi xəbəri bizi çox sevindirmişdi, bütün xalq bundan iftixar hissi keçirirdi. Biz də - aparatın yataqxanada qalan işçiləri də mənim kiçik otağımda toplaşaraq məclis düzəltmişdik, sevincimizi bölüşürdük. Darısqallıq bizi sıxmırdı, səhərin necə açıldığını hiss etmədən dönə-dönə Heydər Əliyevlə bağlı xatirələrimizi yada salırdıq. Gecəni yatmasaq da, səhər saat 9-da artıq hamımız isdəydik. Şöbə müdiri Ramiz Mehdiyev bizi - yataqxanada qalan rayonlu gəncləri otağına çağırdı və ilk sözü bu oldu: “Yoldaş Heydər Əliyev Moskvaya getməmişdən qabaq sizə mənzil ayırmaq tapşırığı vermişdir, sizi təbrik edirəm”.” Sevincdən uçmağa qanadımız yox idi. Heydər Əliyevin 1982-ci ildə ayırdığı xeyir-bərəkətli mənzildə bu gün də yaşayıram, ailə üzvlərim həmişə onu xoş xatirələrlə yad edir, bu qayğıkeş rəhbərin ölməz ruhuna dualar edirik.
Siyasi iradə və cəsarət sahibi
Heydər Əliyev dühasının siyasi iradəsindən, cəsarətindən çoxlu misallar gətirmək olar. Bu iradə Gəncə hadisələrinin çözülməsində, OMON-çular qiyamının yatırılmasında, Əlikram qaragüruhuna son qoyulmasında, iqtisadi islahatlarda, neft strategiyasında qiymətlərin liberallaşdırılmasında, torpaqların özəlləsdirilməsində, Lissabon sammitində, yüzlərlə siyasi, beynəlxalq və ölkədaxili qərar, sərəncam və fərmanlarda özünü parlaq şəkildə göstərmişdir. Mən bütün bunlardan fərqli, ilk növbədə çox adi görünən, bəlkə də kiçik işgüzar qaydalarla qiymətləndirilə bilən, lakin əslində Heydər Əliyev qətiyyətindən və siyasi cəsarətindən xəbər verən şahidi olduğum bir epizoddan danısmaq istəyirəm.
1982-ci ilin avqust ayı idi. Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev Bakıya gəlmişdi. O dövrlər üçün bu, respublikanın həyatında çox böyük hadisə idi. Nəhəng bir dövlətin başçısının yanında dolaşanlar bu qoca Baş katibin qəzəbinə düçar olmaqdan qorxurdular, O, respublikanın partiya-təsərrüfat fəalları ilə görüsdə nitq söyləməli idi. Tribunaya çıxan Baş Katibin çıxışı elə bil yerinə düsmürdü. Hamı bir-birinə dəymişdi. Onun köməkçisinin aciz görkəmi zalda oturanların diqqətindən yayınmırdı.
Heydər Əliyev yerindən qalxıb əlində yeni məruzə mətni ilə qətiyyətlə tribunaya yaxınlaşdı. O, baş katibin oxuduğu mətni əlindən alıb yeni mətni ona verdi. Sən demə, Brejnev axşam şam süfrəsində oxuduğu mətni yenidən rəsmi mərasimdə səsləndirirmiş. Məsələnin nə yerdə olduğunu, nəhayət, anlayan L.İ.Brejnev bu çasqınlığı zarafatla birtəhər sovuşdurdu.
Əvəzolunmaz müsahib
Ulu Öndər həmsöhbətində dərhal özünə qarşı rəğbət yarada bilirdi. Xüsusi sanbalı, nitqindəki ahəng və daim örnəkgöstəriləcək davranışları insanlarda xoş təssürat oyadırdı. Heydər Əliyev bütün həyatı boyunca insanlarla görüslərinə xüsusi həssaslıqla yanaşar və əvvəlcədən ciddi hazırlaşardı. Tərəf-müqabilinin hansı peşənin sahibi olması, onu maraqlandıran əsas məsələlərin məzmunu, görüşün hansı mövzuya aid olması Ulu Öndərin diqqətindən yayınmazdı. Məhz bunun nəticəsi idi ki, digər dünyagörüşlü insanlarla qarşılıqlı münasibətlər prosesində Heydər Əliyev şəxsiyyətinin sosial-əxlaqi motivləri önə çıxır və adamları özünə cəlb edirdi.
Bu dahi şəxsiyyət insanları dinləməyi gözəl bacarırdı. Dərin empatiyaya malik olmaq, yəni, digər şəxsin daxili aləmində əslində nə baş verdiyi barədə onun sözlərindən çox, davranışından dəqiq fikrə gəlmək qabiliyyəti, ilk baxısda həmin şəxsin dinlənilməsini sanki maraqsız edərdi. Lakin Heydər Əliyevin böyüklüyü onda idi ki, həmsöhbətinin əslində kim olduğunu, nəyi anlatmaq istədiyini, nəyi isə gizlətməyə çalısdığını bilə-bilə ona imkan verirdi ki, özünü göstərə bilsin. Eyni zamanda, onun insanları diqqətlə, öyrənə-öyrənə dinləməsi həmsöhbəti üçün əlverişli məcrada keçirdi. Söhbəti idarə etmək bacarığı və özünün şəxsi aurasından doğan zabitəsi belə, ətrafı üçün heç bir rahatsızlıq yaratmırdı. Əksinə, ünsiyyətdə olduğu adamlara tam sərbəstlik verməsi, onları əlavə həyəcan yükü olmadan söhbətə cəlb edə bilmək qabiliyyəti Ulu Öndəri digər siyasi xadimlərdən daha uca saxlayan məziyyətlərdən idi. Onun həmsöhbətini xüsusi maraq və diqqətlə dinləməsi də bu dahi şəxsin insanlara sonsuz məhəbbətinin və hörmətinin bariz nümunəsi idi.
Həmsöhbətini kəşf etmək bacarığı
1994-cü il fevral ayının ilk günlərindən birində, ölkədə mövcud olan qaçqın və məcburi köçkün böhranının ən ağır dövründə, Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Beynəlxalq İslam Nicat Təşkilatının rəhbərlərindən biri, ölkəsində kral ailəsinə çox yaxın və təsiri olan Əbdül Həmid Dağıstanini Prezident Heydər Əliyev qəbul edirdi. Çox az tərkibdə, nisbətən məxfi keçən bu görüsdən hər iki tərəf əhəmiyyətli dividend qazanmaq istəyirdi. Prezidentimizin məqsədi dünyada geniş xeyriyyəçilik fəaliyyəti ilə tanınmış bu beynəlxalq təşkilatın böyük maliyyə imkanlarını Azərbaycanın qaçqın və köçkünlərinə yönəltmək və nüfuzlu Səudiyyə Ərəbistanının siyasi dəstəyini qazanmaq idi. Söhbətə ilk olaraq mənim ölkədəki qaçqın və köçkünlərin ağır durumu ilə bağlı qısa məlumatımla başladıq. Bir-iki cümləlik qarşılıqlı replikalardan sonra Ulu Öndər qonağa gözlənilməz sual verdi: “Soyadınızdan görünür ki, Siz əslən qafqazlısınız?”
Qonaq bu sualdan bir az tutulsa da söhbətin səmimi axarını hiss edərək açılısdı. Artıq cənab Əbdül Həmid Dağıstanini saxlamaq mümkün deyildi. O, babasından eşitdiyi, hələ ölkəsində belə açıqlamadığı əhvalatı Ulu Öndərə danışdı. Aydın oldu ki, qonaq əslən Dağıstan azərbaycanlılarındandır. Ulu babası Məkkə ziyarətindən sonra Səudiyyə Ərəbistanında məskunlaşmış və övladlarına doğma yurdunun adını soyad kimi vermişdir.
Səmimi söhbət uzandıqca qonaqda ölkəmizə olan məhəbbət anbaan artırdı. Artıq 600 ailədən ibarət ağdamlı dan olan məcburi köçkünlərin iki qəsəbədə tam məskunlaşması, ərzaq və ilkin tələbat malları ilə 100 faiz təmin olunması qərara alınmışdı və hətta yardımların gələcəkdə daha da artırılacağı məsələləri müzakirə olunurdu.
Söhbətin sonuna yaxın Əbdül Həmid Dağıstani bir az ehtiyat və tərəddüdlə, keçmiş Sovetlər dövlətinin rəhbərlərindən birinə belə bir müraciət etdi: “Cənab Əliyev, əgər birdən bizim ölkənin kralı Sizi Məkkə ziyarətinə dəvət etsə, Siz buna necə baxarsınız?”. Heydər Əliyev gözlənilmədən və çox ani olaraq dedi: “Çox yaxşı! Məmnuniyyətlə”. Qonaq sevincini gizlətmədən, bu dəvətin lap tezliklə olacağını bildirdi. Qısa müddətdən sonra Ulu Öndərimizə Səudiyyə Kralı Fəhdin dəvət məktubu gəldi.
1994-cü ilin avqust ayında baş tutan Məkkə ziyarətində onu müşayiət edənlərin siyahısına Ulu Öndər mənim də adımı yazdırmışdı. Unudulmaz səfər bütün maddi və mənəvi dəyərləri ilə yanaşı, iki tarixi hadisə ilə ölkəmiz üçün önəmli oldu: Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ölkəmizin səfirliyi açıldı, Beynəlxalq İslam Nicat Təşkilatının postsovet dövlətləri üçün mərkəzi ofisi Moskvadan Bakıya köçürüldü.
Allah adamı
Həyatımda ən yaddaqalan və unudulmaz anlardan biri də Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanında olmağım (1994-cü ilin avqustunda) və Məkkə ziyarətimdir. Həmin səfər Heydər Əliyev dühasını yeni çalarlarda, daha doğma, daha isti keyfiyyətlərdə kəşf etməyimdə misilsiz rol oynadı.
Təyyarəmiz havaya yüksələndən az sonra Ulu Öndər bizim üçün nəzərdə tutulmuş salona gəldi, adəti üzrə hamı ilə əl verib görüşdü. Təyyarədə hər birimizlə ayrı-ayrılıqda maraqlı söhbətlər edir, öz xüsusi hörmət və məhəbbətini bildirmək istəyirdi. Salonun ortasına çatanda bir anlıq fikrə gedib söhbətə yenidən başladı: “Görürsünüz, biz hakimiyyətə gəldik və siz də mənim yanımdasınız. Sizin hər birinizin xidmətiniz olub, zəhmətiniz var və mən məhz elə ona görə də sizi özümlə Məkkə ziyarətinə aparıram”.
Səfər boyu dahi şəxsiyyətlə bağlı onlarla təəssürat və müşahidələrim oldu. Səudiyyə Ərəbistanının “İslam Nicat Təşkilatı”nın rəhbərliyi ilə Ciddə şəhərində görüş vaxtı qurumun rəhbərliyi mənim onlarla əməkdaşlığımdan ağızdolusu danışır, adımı tez-tez çəkirdilər. Özümü çox narahat hiss edirdim. Onları diqqətlə dinləyən cənab Heydər Əliyev məni bu sıxıntılı vəziyyətdən çox ustalıqla çıxararaq dedi: “Hadi Rəcəblini çox təriflədiniz, elə bu işlərin hamısını məhz mən ona tapşırmışdım. Odur ki, yenə də təşkilatınızla bağlı bütün məsələlərin həllini Hadi Rəcəbliyə tapşırıram”. Bu, mənim üçün - Nazirlər Kabinetinin şöbə müdiri üçün çox böyük etimad idi. Beynəlxalq səviyyəli bir tapşırığın məhz cənab Prezidentin mənə həvalə etməsi çox böyük əhəmiyyət və məna kəsb edirdi. Sonradan mərkəzi ofisi Moskvada yerləşən bu qurumu Azərbaycana gətirdik və onun postsovet məkanında ofisini Bakıda yerləşdirdik.
Səfər boyu hər an gözüm dahi öndərimizdə, nəhəng dövlət xadimində, böyük idarəetmə məktəbinin yaradıcısında- Heydər Əliyevdə idi. Ziyarət prosedurlarına həssaslıq və incəliklə hazırlasması, ibadətləri və ritualları dəqiq icra etməsi, üzündəki nurani cizgilər diqqətimdən yayınmırdı. Müqəddəs Kəbə qapılarını istisna hal kimi, Kralın tapşırığı ilə yalnız bu dahi şəxsiyyət üçün açmışdılar. Mədinədə Məhəmməd Peyğəmbərin məzarı önündə namaz, Zəm-zəm suyu olan bulaqların mənbəyi, şəhərin iyirmi metrlik dərinliyindəki təhlükəsizlik, kommunikasiya sistemləri ilə tanışlıq imkanı yalnız Ulu Öndərə yaradılmışdı.
Onu ibadət edərkən görmüşəm, Qarabağ dərdlərimizin həllini Uca və Qadir Allahdan diləyərkən dinləmişəm, müqəddəs Qara Daşı öpərkən müşahidə etmişəm, Şeyxülislam Allahşükür Paşazadə ilə dini mövzularda dialoqlarının şahidi olmuşam. Mən bu səfərdə ulu öndər Heydər Əliyevi Allah adamı, iman sahibi, ibadət bilicisi kimi gördüm, tanıdım, bu keyfiyyətləri ilə onu özüm üçün yenidən kəşf etdim.