Modern.az

“Azərbaycan”la “Yeni Müsavat” arasında qalmaqal

“Azərbaycan”la “Yeni Müsavat” arasında qalmaqal

15 May 2015, 09:03

 “Azərbaycan” qəzetinin 14 may tarixli sayında qəzetin baş redaktoru Bəxtiyar Sadıqov ilginc müəllif yazısı ilə çıxış edib. Avropa Oyunlarına qarşı antitəbliğat aparanları qeyd edən baş yazar bu xüsusda fərqlənən “daxili düşmənləri” də tapıb və bu zaman illərlə çəkişmədə, “müharibə”də olan “Azadlıq” qəzeti ilə “Yeni Müsavat”ı “müttəfiq” kimi qələmə verib. “Dünyadan xəbərsizlər” başlıqlı yazısında baş redaktor “Yeni Müsavat”ı ölkəmizin I Avropa Oyunları keçirmək hüququ qazanması, eləcə də Avropa Oyunlarının məşəlinin yandırılması ilə bağlı xəbərləri işıqlandırmamaqda qınayıb: 

  “Bəlkə həmin tədbirlərin birində kiminsə ayağı ilişib yıxıldı, üstü toza batdı! Belə bir manşet yazısını əldən verərlər? Yaxud hansısa rayonda idmançılardan biri həyəcanlanaraq məşəlin kranını çox burdu, qaz israfçılığına yol verdi! Dövlət büdcəsinə dəyən ziyan barədə necə də gözəl bir təhlili yazı çıxar!”, -  deyə vurğulayan B.Sadıqov həmçinin qəzetimizi I Avropa Oyunlarına hazırlıq işləri barədə indiyədək bir kəlmə müsbət söz söyləməməkdə də suçlayıb: “Yoxsa hamının görüb qiymətləndirdiyi yaxşı işlərdən bircə kəlmə yazmağa belə qorxurlar?! Elə isə kimdən və niyə?”, -  deyə sual edən baş yazar yazının P.S qismində isə aşağıdakı qeydi edib: “Az qala yadımdan çıxmışdı. Hər bir qəzetin nədən, nə vaxt, necə yazması öz işidir. Biz heç kəsin daxili işlərinə qarışmırıq!”  

B.Sadıqovun yazısında ciddi ittiham hədəfi olan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə söz haqqından istifadə edib, barəsində və rəhbəri olduğu media orqanı haqda deyilənlərə cavab verdi. Ölkə miqyasındakı bir kampaniyada düşmən qismində elan edildiyini sözügedən yazıdan öyrəndiyini deyən baş redaktor B.Sadıqovun fikirlərini heyrətlə oxuduğunu vurğuladı: “Eyni zamanda həm gülmək, həm heyrətlənmək hissləri məndə paralel doğdu. Çünki hər iki hissi eyni anda yaşamamaq mümkün deyil. Bəxtiyar Sadıqovla hər ikimiz Mətbuat Şurası İdarə Heyətinin üzvləriyik. Bu yazını yazmadan öncə məndən də fikir ala, münasibətini izhar edə, məni dinləyə bilərdi. Amma bu hərəkətə yol vermədən məni ölkə miqyasında aparılan bir kampaniyanın düşməni elan edib”. 

R.Arifoğlu dedi ki, həm heyrəti, həm də gülüş doğuran isə B.Sadıqovun “Azadlıq” qəzeti ilə “Yeni Müsavat”ı eyniləşdirməsidir. Müsahibimizin sözlərinə görə, illərdir bu qəzetlə “Yeni Müsavat” arasında heç bir əlaqə, paslaşma yoxdur: “Əvvəllər çox olub. İctimai Palatada Əli Kərimli ilə təmsil olunarkən - o eyni zamanda AXCP sədri və ”Azadlıq" qəzetinin faktiki baş redaktorudur - onunla paslaşaraq yazılar, materiallar və informasiyalar vermişik. Son illərdə bu, yoxdur və bunun əksidir. Az qala müharibə vəziyyətindəyik. Bəxtiyar Sadıqov bizi öz yazısında dünyadan xəbərsiz elan edib. Amma  onun öz ölkəsindən və media mühitindən xəbəri yoxdur". 

  “Yeni Müsavat”ın baş redaktoru bildirdi ki, B.Sadıqov öz yazısında onu qəzetə keyfiyyətsiz rəhbərlik etməklə yanaşı, həm də yazmadığı yazılara görə suçlayıb. Müsahibimizin sözlərinə görə, həmkarı onun təklif etdiyi tematika üzrə yazılar yazmalı olduğunu iddia edir: “Məşəlin istiqaməti, trayektoriyası haqqında, açılış-qapanış törəni haqda onun istədiyi kimi yazılar yazmalı olduğumuza işarə vurur. Məlumat üçün bildirim ki, bunların hamısı haqqında xəbər, məlumat vermişik. Amma biz ”Azərbaycan" və “Yeni Azərbaycan” qəzetinin işlətdiyi ifadələri, terminləri işlətmədən soyuq xəbər şəklində vermişik. Azərbaycan prezidentinin bu böyük tədbirlə bağlı atdığı bütün addımları, getdiyi bütün tədbirləri və iştirak etdiyi mərasimləri işıqlandırmışıq. Amma bunu etməsək belə, Bəxtiyar Sadıqovun heç bir haqqı yoxdur ki, bizim işimizə müdaxilə etsin. Yazının sonunda isə P.S yazaraq əlavə edir ki, heç bir qəzetin işinə qarışmırlar. O, öz P.S-ni oxuyandan sonra gərək bu yazını çap etməyəydi". 

Bununla belə, R.Arifoğlu ümid edir ki, bu yaxınlarda görüşüb bu məsələ ilə bağlı bilavasitə müzakirə apara biləcəklər. Müsahibimizin sözlərinə görə, ancaq bundan sonra bəzi suallar aydınlığa qovuşacaq: “O zaman biləcəm ki, 37-ci illərdə xalq düşmənlərini nişan verirmiş kimi, həmin taktika ilə məni və mənim qəzetimi kimə nişan verir? Bunun arxasında dayanan marağı nədən ibarətdir. Bunu özündən soruşacam. Bir daha vurğulayıram ki, bu tədbiri ölkəm üçün mühüm hesab edirəm. Bununla bağlı gedən proses də məni qane edir. İçimizdə və yazılarımızda heç bir qınaq prosesi yoxdur. Əksinə, təqdir etmişik. Eyni zamanda Avropa Oyunlarına da akkreditasiya olunmaq mərhələsindəyik. Şəxsən mən özüm də müxbirlərimlə bərabər bu tədbirlərdə iştirak edəcəm. Akkreditasiya siyahısında mənim də adım var. Oradan da reportajlar verəcəyik. Bəxtiyar Sadıqovun bəlkə dünyadan xəbəri var. Amma Azərbaycandan və ”Yeni Müsavat"dan xəbəri olmadığı üçün bu cür təhrif bir yazı yazıb". (musavat.com)  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?