Bakı-2015-in Alov Səyahəti iştirakçıları mayın 14-də iki dağətəyi rayonda hərarətlə qarşılanıb. Günün birinci yarısında Goranboyda, axşam saatlarında isə Naftalan şəhərində məşəl estafeti keçirilib.
Goranboyda Heydər Əliyev prospektində məktəblilərin xüsusi avazla dilə gətirdikləri “Yaşa, yaşa, Azərbaycan” şüarlarının sədaları altında başlayan məşəl estafeti 4,03 km məsafəni əhatə edib. Yürüşə başlayan fəal gənclərdən Xəyal Hüseynov, ardınca Elşad Ətai, Elvin Əliyev, Samir Nəcəfov, Nicat Məmmədov, Xalid Rzayev, Vüsal Rəsulov, Əflatun Məmmədov və Allahverdi İsmayılov estafeti qəbul ediblər.
Qarşılanma mərasimi üçün bəzədilmiş parkda başda sonuncu məşəlçi əməkdar məşqçi, karate üzrə üçqat dünya və iki dəfə Avropa çempionu Yalçıın Qarayev olmaqla, qrup Heydər Əliyev parkında quraşdırılmış səhnəyə gəlib. Məşəlçilər yerli sakinləri salamladıqdan sonra, sonuncu məşəlçi səhnəyə qalxıb və alov çırağını yandırıb.
Çırağı rayon ictimaiyyətinə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov təhvil verib.
Goranboydakı mərasim başa çatdıqdan sonra məşəl karvanı Naftalan şəhərinə üz tutub.
Naftalanda məşəl estafeti 4,25 km məsafəni əhatə etməklə, Şirvan küçəsində - Bayraq meydanında quraşdırılmış tağdan keçməklə başlanıb. Birinci məsafəni ictimai fəal gənclərin təmsilçisi kimi Tural Məmmədov qət etdi. Onun ardınca, növbə ilə bu mərasimdə Rahim Muradov, Zaur Məmmədov, Xəyal Abdullayev, Nazim Abdullayev, Vasif Mustafayev, Elman Şərəfxanov, Elman Kamalov, Samir Qocayev və Bakı 2015-in rəsmi tərəfdaşı “Coca Cola”nın nümayəndəsi Lətif Bayramov iştirak ediblər.
Məşəl estafetini idman ustası Fuad Əliyev yekunlaşdırıb.
Məşəl estafeti mayın 15-də Göygöldə olacaq və sonra qədim Gəncədə Alov festivalı ilə günə yekun vurulacaq.
Modern.az