Modern.az

İranda Azərbaycan dilində televiziya açılır

İranda Azərbaycan dilində televiziya açılır

15 May 2015, 11:46

Fərəc Quliyev: “Azərbaycan türkcəsində veriliş adı altında həftəbecər, qarmaqarışıq bir ləhcədə proqramlar veriləcəksə, belə bir kanalın müsbət nəticəsi olmayacaq”

May ayının sonlarından etibarən İranda Azərbaycan dilində 24 saat yayımlanacaq yeni televiziya kanalı fəaliyyətə başlayacaq. Kanal Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azərspace-1” üzərindən yayımlanacaq.

Bu barədə İran İslam Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri məlumat verib. Əxgəri iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini bildirib.

Məsələyə münasibət bildirən millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev İranda Azərbaycan dilində telekanalın fəaliyyətə başlamasını təqdirəlayiq hesab edib: "Atalar məsəli var, deyirlər, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Əlbəttə, ilk baxışdan təqdirəlayiq bir addımdır. Əgər iddia edildiyi kimi, kanal bütün proqramlarını Azərbaycan türkcəsində verəcəksə, milli mədəniyyətimizi təbliğ edəcəksə, soydaşlarımızın problemlərini işıqlandıracaqsa, ən azından mədəni proqramlar hazırlayacaqsa, bunu alqışlamaq olar. Amma indiyə qədər İranda fəaliyyət göstərən televiziya və radiolar kimi Azərbaycan türkcəsində veriliş adı altında həftəbecər, qarmaqarışıq bir ləhcədə proqramlar veriləcəksə, Azərbaycanı qınayan yanlış bir siyasət yürüdəcəksə və bununla soydaşlarımızın başını qatacaqsa, təbii ki, belə bir kanalın müsbət nəticəsi olmayacaq. İndidən dəqiq bir şey demək mümkün deyil. İnşallah, kanal fəaliyyətə başlasın, o zaman baxıb dəyərləndirərik. Amma niyyət olaraq bunu təqdir edirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?